Əsas Səhifə > Güney Press / Ana xəbər > Dağıstanın azərbaycanlı klanının liderini həbslə hədələyirlər

Dağıstanın azərbaycanlı klanının liderini həbslə hədələyirlər


13-08-2014, 14:35
Dağıstanın azərbaycanlı klanının liderini həbslə hədələyirlər
Dağıstanın Dərbənd rayonu administrasiyasının rəhbəri, respublikanın rəhbəri Ramazan Abdulatipovun istefa barədə tələbinə tabe olmayan Qurban Qurbanova qarşı təzyiqlər başlayıb.

Virtualaz.org saytı Dağıstan mənbələrinə istinadən xəbər verir ki, avqustun 8-də özlərini Rusiya DİN-in Dağıstan üzrə İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən naməlum şəxslər Dərbənd rayon administrasiyasına daxil olaraq bütün sənədləri aparıblar.

Q.Qurbanov bildirib ki, sənədlər aparıldığından administrasiyanın işi iflic olub. Q.Qurbanov deyib ki, Dağıstan rəhbərinin administrasiyasının məmurları ona təzyiq edirlər.

“Administrasiyanın fəaliyyəti tam iflic olub, çünki 2007-ci ildən bu yana olan bütün sənədlər götürülüb” - deyə Dağıstanın azərbaycanlı klanının lideri avqustun 12-də Dərbənddə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, avqustun 11-də Dağıstanın Hesablama Palatasının müfəttişləri də Dərdənd administrasiyasını yoxlamağa gəliblər, lakin bütün sənədlər aparıldığından onlar araşdırmağa heç nə tapmayıblar.

Q.Qurbanov bildirib ki, bu təzyiqlər onun istefaya getməkdən imtina etməsinə görədir. Onun dediyinə görə, Dağıstan rəhbərinin administrasiyasından gələnlər tələb edirlər ki, könüllü istefa ərizəsi yazsın.

“Mən bu göstərişə əməl etməkdən imtina etdim. Dedilər ki, o zaman yoxlamalara, axtarışlara və həbslərə hazır ol” - deyə Q.Qurbanov bildirib.

Xatırladaq ki, Q.Qurbanovun tərəfdarları aksiya keçirərək onun istefaya göndərilməsinə qarşı çıxıblar. Dərbənd rəhbəri deyib ki, o, heç vaxt Abdulatipova qarşı çıxmayıb.

Q.Qurbanov mətbuat konfransında onu da bildirib ki, əvvəlcə qardaşını Azərbaycandakı daimi nümayəndə vəzifəsindən geri çağırdılar: “İndi isə qərara alıblar ki, məni istefaya göndərsinlər”.

Dağıstan rəhbərinin administrasiyası isə Qurbanovun bəyanatlarına şərh verməyib.

Geri qayıt