Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağ meşələrinə təkcə ermənilər qənim kəsilməyiblər...

Qarabağ meşələrinə təkcə ermənilər qənim kəsilməyiblər...


29-07-2014, 11:02
Qarabağ meşələrinə təkcə ermənilər qənim kəsilməyiblər...
Redaksiyamıza daxil olan məlumatlarda Qarabağ meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapır. Bildirilir ki, son vaxtlar rayon ərazisində meşələrin tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalması yerli ictimaiyyəti ciddi narahat edir. Qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda biz Qarabağ meşələrinin bir tərəfdən müharibə və işğal səbəbindən qırıldığını, digər tərəfdən də yerli məmurların özbaşınalıqları və məsuliyyətsizlikləri üzündən talan olunduğunu diqqət mərkəzinə çəkmişdik. Həmçinin məlumatlarda qeyd olunur ki, bu gün getdikcə şoranlaşan Qarabağ torpaqlarında meşələrin təbii məhv olması prosesi də sürətlənməkdədir. Məhz elə bu səbəbdən də mənbələr iddia edirlər ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə məsuliyyət daşımalı olan müəssisələrdən biri də Qarabağ Meşə Meliorasiya İdarəsidir. Məlumdur ki, bu idarənin rəisi Rəşid Rzayev əvvəllər də öz vəzifə borclarının icrasına məsuliyyətsizliklə və yalnız şəxsi maraqları baxımından yanaşıb. Bu gün isə yaşı artıq 70-i keçmiş meliorator qazanc mənbəyi kimi gördüyü vəzifəni əlindən buraxmaq istəmir. Mənbələrin iddiasına görə özü artıq işləmək iqtidarında olmayan Rəşid Rzayev hələ ötən il Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərindən xahiş edib ki, onu işdən çıxaracağı təqdirdə yerinə oğlu Vüqarı gətirsin. Məlumatlara görə, Rəşid Rzayevin oğlu ali təhsilli deyil. Məsələ bundadır ki, hələ tələbə vaxtlarından Ə.Əhmədzadə ilə dostluq münasibətləri olan Rəşid müəllim artıq keçən il oğlunu Qarabağ Meşə Meliorasiya İdarəsinə rəis əvəzi təyin etdirə bilmişdi. Lakin bu təyinat ali təhsil barədə sənəd olmadan həyata keçə bilməzdi. Digər tərəfdən də hələ 2012-ci ildə rayonda keçirilən iclasların birində Bərdə RİH başçısı Vidadi İsayevin Rəşid müəllimin oğluna vəzifə təklif etdiyini eşidənlər olub. Həmin vaxt Rəşid Rzayev də cavabında qeyd edib ki, oğlu ali təhsilli deyil və bu səbəbdən də onun xahişini kimsədən etmir. Maraqlıdır, görəsən Vüqar Rzayev ali təhsili olmadan Meliorasiya İdarəsinə rəis vəzifəsinə təyinatı necə alıb? Amma bəlli ki, bu vəzifənin əldən çıxmaması üçün Rəşid Rzayev istənilən vasitələrə əl ata bilər. Daxil olan məlumatlarda mənbələr iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına Rəşid Rzayev tərəfindən geniş yer verilir. Uzun illərdən bəri idarənin hesabına təmir işləri üçün inşaat materialları, torpaqqazan mexanizmlər, su nasosları, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələri alınması və digər ehtiyaclar üçün ayrılan dövlət vəsaitləri mənimsənilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir.Fərqli mənbələrdən aldığımız məlumatlarda isə Qarabağ Meşə Meliorasiya İdarəsinin “qeyri-qanuni gəlirlər” qrafasında mal-materialların və ehtiyat hissələrinin satınalınması üçün keçirilən açıq tenderlərin də xüsusi yer tutduğu bildirilir. Qeyd olunur ki, İdarənin rəhbərliyi bu məqsədlər üçün yaxın adamlarına məxsus xüsusi şirkətləri prosesə cəlb edir...

Geri qayıt