Əsas Səhifə > Güney Press / Ana xəbər > "Kəlbəcərə bir neçə raket zərbəsi endirək"

"Kəlbəcərə bir neçə raket zərbəsi endirək"


22-07-2014, 13:56
"Kəlbəcərə bir neçə raket zərbəsi endirək"
İyulun 11-də ermənilər tərəfində əsir götürülən, vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı hələ də müvafiq beynəlxalq qurumlar tərəfindən rəsmi məlumat yoxdur. Azərbaycan tərəfində isə prezident başda olmaqla, siyasi eskpertlər, hüquqşünaslar və mətbuat vətəndaşlarımızın azad olunması üçün çalışırlar. Lakin bütün bunlara baxmayaraq hələ ki, onlar əsirlikdən azad edilməyib.

Hadisənin 1949-cu il 12 avqust tarixində qəbul edilən Cenevrə Konvensiyası ilə tənzimlənməli olduğu söylənilsə də, görünən budur ki, müvafiq beynəlxalq qurumlar əsirlərimizin azad edilməsinə cəhd göstərmir.

Bəs Azərbaycan tərəfinin atmalı olduğu addım nədir?

“Belə olan təqdirdə Azərbaycan tərəfi də keçirb Ermənistandan əsir götürməli və girov saxlanılan vətəndaşlarımızla dəyişməlidir”.

Bu sözləri Hafta.az-a açıqlamasında yuxarıdakı sualımızı cavablandıran politoloq Qabil Hüseynli söyləyib:

“Hələ ki, siyasi vasitələrlə bu işin həllinə çalışmaq lazımdır. Ancaq əminəm ki, Kəlbəcərdə elə oğullar vardır ki, Ohanyanın “mina hədəsi”nə baxmayaraq istənilən vaxt öz torpaqlarına keçməyə qadirdilər. Həmin şəxslər erməni tutub gətirsə hesab edirəm ki, bu Ermənistana böyük dərs olar. İnsanlar öz ata-babalarının qəbirlərini ziyarətə gediblər. Buna görə onlara cinayət işi açıblarsa, demək biz də konkret addımlar atmalıyıq. Prezidentimiz də bildirib ki, bu məsələ şəxsən mənim nəzarətim altındadır”.

Politoloqun sözlərinə görə, Azərbaycan məhkəmənin üçüncü bir ölkə ərazisində keçirilməsini tələb edə bilər:

“Əgər məhkəmə prosesi gedərsə, o zaman müdafiəçilər Azərbaycandan gedən vəkillər ola bilər”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu və vəkil Adil İsmayılov da Hafta.az-a açıqlamalarında vətəndaşlarımızın müdafiəsi üçün təklif gələrsə dəyərləndirəcəklərini bildiriblər.

Politoloq Fərhad Mehdiyev də fərqli ideya ilə çıxış edib:

“Prezident ermənilərə ultimatum versin. Ya vətəndaşlarımızı azad etsinlər, ya da Kəlbəcərə bir neçə raket zərbəsi endirək. Hər halda ora bizim öz torpaqlarımızdır və istədiyimiz kimi davrana bilərik. Bu məsələyə gəlincə Azərbaycan 1993-cü ildən Cenevrə Konvensiyasına qoşulub. Bir başa olaraq bu işlərlə Qızıl Xaç və Qızıl Aypara məşğul olmalıdır.”

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Azərbaycan üçün bu an əsas məsələ ermənilər tərəfindən qanunsuz saxlanılan vətəndaşlarımızın geri qaytarılmasına çalışmaqdır:

“Azərbaycan dövləti üçün bütün irili-xırdalı problem və məsələlərin fonunda girov saxlanılan vətəndaşlarımızın tezliklə azad edilməsi məsələsi ən prioritet və öncül məsələlərdən biri, bəlkə də birincisi olmalıdır. Bu hər şeydən əvvəl, şərəf məsələsidir. Öz torpağımızda vətəndaşlarımıza qarşı işğalçı dövlətin əli silahlıları olmazın zorakılıqlar edir. Onları alçaldır və hətta o meydan da oxuyurlar ki, sizi ağır cəzalar gözləyir. Bu vəziyyətə erməni tərəfinin gözü ilə baxanda, hardasa başa düşmək olar. Ermənistan rəhbərliyinin əlinə unikal şans düşüb ki, bu 2 nəfər girovdan dünyaya səs salmaq üçün gen-bol istifadə etsinlər. Necə ki, istifadə edirlər. Görün, ermənilər nə qədər təlaşdadırlar, narahatdırlar ki, bu ölkənin müdafiə naziri Seyran Ohanyan kimi bir cəllad da, bu kampaniyada özünə nüfuz qazanmağa çalışır”.

Hərbi ekspert Yaşar Cəfərli isə Hafta.az-a açıqlamasında bildirib ki, vətəndaşlarımızın hərəkətini qəhrəmanlıq hesab etmir:

“Onları mənəvi tərəfdən başa düşmək olar. Ancaq praktikada başa düşməlidirlər ki, 2 dövlət arasında müharibə gedən zaman özfəaliyyətlə məşğul olmaq doğru deyil. Hamı bir nöqtəyə vurmalıdır. Dövlət səviyyəsində müharibəyə son qoyub torpaqların azad olunmasına çalışmaq daha doğru yoldur. Azərbaycan tərəfi onları geri alıb öz qanunları ilə mühakimə eləməlidir”.

Qeyd edək ki, erməni mətbuatı sağ olduğu şübhə altında olan digər əsirlikdə olan vətəndaşımız Həsən Həsənovla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Həsən Həsənov Kəlbəcərdə müqavimət göstərən zaman öldürüldüyünü iddia edib. Amma meyitin şəklini təqdim etməyib.

Portal Həsən Həsənovun Cəbrayılda doğulduğunu, Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdiyini yazıb. Həmçinin hərbi akademiyanın kursantı kimi şəkillərini dərc etdirib. Onun “Biz Qarabağı qaytaracağıq” başlığı altında çox sayda hərbi xəbərlər topladığı və yaydığı da bildirilib.

Geri qayıt