Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağda ermənilərə qarşı partizan müharibəsi təklifi
Qarabağda ermənilərə qarşı partizan müharibəsi təklifi17-07-2014, 16:15 |
|
20 ildən çoxdur Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli rayonları tam və ya qismən işğaldadır. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi zəbt olunub. Sülh danışıqları nəticə vermir, yeni müharibəni isə böyük güclər əngəlləyir. Belə bir çıxılmaz durumda işğal zonasında partizan müharibəsi aparmaq effekt verə bilərmi? Buna gərək varmı? İşğal olunmuş torpaqlarda partizan müharibəsi aparmaq mümkündürmü, bunu kim təşkil etməlidir? “Media forum” saytı bu suallarla Qarabağ müharibəsi veteranı Rey Kərimoğluya və müdafiə nazirinin döyüş əməliyyatları üzrə keçmiş müavini, mühacirətdə yaşayan polkovnik İsa Sadıqova müraciət edib. Rey Kərimoğlu: - Partizan müharibəsi bütün dövrlərdə işğalçıya qarşı aparılan çox effektli bir mübarizə üsuludur. Torpaqlarımızın işğalından sonra haqlı olaraq bu məsələ tez-tez gündəmə gəlir. Amma biz partizan müharibəsinin tam mahiyyətinə varsaq, görərik ki, bu, bir qədər başqa anlayışdır. Daha dəqiq desək, partizan müharibəsi - yerli əhalinin düşmənə qarşı apardığı silahlı mübarizə üsuludur və bu prosesdə dövlət də iştirak edir. İndiki şəraitdə vəziyyət bir qədər fərqlidir, çünki ermənilərin işğal etdiyi ərazilərdə azərbaycanlı yaşamır. Amma partizan müharibəsinə bənzər başqa formalar da var. Nə qədər ki torpaqlarımız işğal altındadır, adını nə qoyuruqsa qoyaq, bütün mümkün variantlardan istifadə edib ərazimizi azad eləməliyik. Adını nə qoyuruqsa qoyaq, biz müharibə etməliyik. Məncə, bu işi əsasən xüsusi hazırlıq keçmiş köçkünlərdən ibarət kiçik qruplarla görmək olar. İndi mən tam detallara varmaq istəmirəm. Amma dəqiq bilirəm ki, bunun öhdəsindən gəlmək olar. İnanın, bu yolla həm Ermənistanın, həm də onun havadarlarının dizini yerə qoyarıq. Ancaq bu işi dövlət üstünə götürməlidir. Müharibədə özfəaliyyət bəri başdan məğlubiyyət deməkdir. Buna yol vermək olmaz. İsa Sadıqov: - Hazırkı hökumət 20 il ərzində torpaqların azad edilməsi istiqamətində bir addım atmayıb. Əksinə, vəziyyət daha da kritik həddə gəlib çatıb. Uzun illər torpaqların qaytarılması üçün çox gözəl imkanlar vardı. Amma təəssüf ki, hökumət bu imkanlardan yararlanmadı. İndi ölkədə elə vəziyyət yaranıb ki, hazırda müharibədən söhbət belə gedə bilməz. Əhalinin xeyli hissəsi bir tikə çörək dalınca dünyaya səpələnib, müharibə veteranı hamının gözü qarşısında özünü yandırır, şəhid ailələrinin çoxu ehtiyac içində yaşayır. Bunları görən adam ailəsini qoyub müharibəyə getməz. Məmurlara da müharibə sərf eləməz, rahat qazanıb rahat yemək imkanı əllərindən çıxa bilər. Məncə, bizim ölkəmiz hələ müharibəyə hazır deyil. Müharibə variantını indilik unutmaq lazımdır. Əgər torpaqları doğrudan qaytarmaq istəsək, heç kəs, o cümlədən də iri güclər bizə maneçilik törədə bilməz. Ancaq hazırkı hökumətlə müharibədə uğur qazanmaq mümkün deyil. Qarabağ kimi ağır problemi partizan müharibəsi ilə həll eləmək mümkün deyil. Bunun effekti də olmaz. Partizan müharibəsi döyüş əməliyyatlarının yalnız bir hissəsi ola bilər. İşğal olunmuş ərazilərdə bizimkilər yaşamadığı üçün geniş partizan hərəkatı təşkil etmək də mümkün deyil. Vaxtilə Heydər Əliyev rəsmi qaydada müharibədən imtina edib məsələnin sülh yolu ilə həllinə üstünlük verdi. Amma bu müddətdə çox işlər görmək olardı, ölkədə hər bir sahə üzrə güclü islahatlar keçirib erməniləri cəlb etmək olardı. Onlara göstərmək olardı ki, baxın, bizimlə daha yaxşı yaşayacaqsınız, qayıdın gəlin. Ermənilər də gec-tez hər şeyi başa düşəcəkdilər. Amma bunun əvəzində hökumət nə edir? Əhalini ölkədən didərgin salırlar, sərvətləri talayırlar, xalq yoxsulluq içində yaşayır, insan haqları pozulur. Erməninin başını kəsənə qəhrəman adı verib bunu dövlət səviyyəsində toy-bayram eləyirlər. Bu, çox səriştəsiz bir siyasətdir. Partizan müharibəsinə gərək yoxdur. Onsuz da atəşkəs müddətində 5 mindən çox əsgərimiz həlak olub. Geri qayıt |