Əsas Səhifə > Güney Press / Ana xəbər > Müstəqil Kürdüstan hansı torpaqlarda yaradılır?

Müstəqil Kürdüstan hansı torpaqlarda yaradılır?


7-07-2014, 18:27
Müstəqil Kürdüstan hansı torpaqlarda yaradılır?
Son bir ayda İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının İraqda bir sıra şəhərləri işğal etməsi 10 ildən çoxdur ki, müharibə meydanına çevrilmiş ölkədə vəziyyəti daha da dramatikləşdirib. Çıxılmaz vəziyyətdən çıxış yolunu isə yalnız kürdlər tapıb. Müstəqillik haqda referendum qərarı verilib. Artıq, “Müstəqil Kürdüstan” yuxu deyil. Müstəqillik qapıdadır. Bəs müstəqil Kürdüstan hansı torpaqlarda yaradılacaq? Lent.az Kürdüstan muxtariyyəti (gələcək Kürdüstan) haqda qısa məlumatı təqdim edir.

Böyük ehtimalla, müstəqil Kürdüstan İraqın şimalındakı Kürdüstan Demokratik Partiyasının sədri Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan muxtariyyətinin əsasında qurulacaq.

Kürdüstan muxtariyyəti 1970-ci il martın 11-də Səddam Hüseyn və Mustafa Bərzani (Məsud Bərzaninin atası – F.M) arasında bağlanmış müqavilə əsasında yaradılıb.

Müqaviləyə əsasən, İraqın şimalındakı 3 vilayət, təxminən, 37 min kvadrat kilometrlik ərazi Ərbildə təşkil olunan yerli parlament tərəfindən idarə olunmalı, kürdlərə 5 nazir postu verilməli, kürd dili ölkənin ikinci rəsmi dövlət dili elan olmalı idi (Hazırda kürd dili İraqın ikinci rəsmi dövlət dilidir – F.M).

Lakin çox keçməmiş Səddam Hüseyn 1974-cü ildə kürd nazirləri parlament qovur, bağlanmış müqaviləyə xitam verir.

1980-ci ildə başlayan İran-İraq müharibəsində isə kürdlər İran tərəfində Səddama qarşı döyüşürdülər və müharibə vaxtı Kürdüstan muxtariyyəti hökumətin nəzarətindən çıxmışdı.

Birinci Körfəz Müharibəsindən sonra isə bölgə faktiki olaraq Kürdüstan parlamenti tərəfindən idarə olunur.

Kürdüstan muxtariyyətinin mərkəzi Ərbil şəhəridir. Muxtariyyətin nəzarətində olan şəhərlər bunlardır: Süleymaniyyə, Ərbil və Duhok.

Kürdlər həm də bu şəhərlərə iddia edirlər: Kərkükün hamısı, Diyala vilayətinin Xanəqin qəzası, Nineva vilayətinin – Akra, Nineva və Şəkhan qəzaları, Səlahəddin vilayətinin Touz qəzası.

Əhalinin sayı 5 milyondan çoxdur. Bölgədə kürdlərlə bərabər, türkmənlər də yaşayır. Əksəriyyət şafi məzhəbli sünnilərdir. Kürdüstan muxtariyyətinin iki rəsmi dili var: kürd və ərəb.

Muxtar vilayəti peşmərgə mühafizə edir. Peşmərgə Kürd Müstəqillik Hərəkatının təsis edilməsindən sonra, 1920-ci ildə yaradılıb. Peşmərgə 2003-cü ildə ABŞ və müttəfiqlərlə birlikdə Səddama qarşı vuruşub.

İraq konstitusiyasına görə İraq ordusu Kürdüstan muxtariyyətinə girə bilməz.

Ərbil və Süleymaniyyə şəhərlərində iki beynəlxalq hava limanı fəaliyyət göstərir.

Geri qayıt