Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallıda səhiyyə sistemi rəzil gününə qoyulub

Masallıda səhiyyə sistemi rəzil gününə qoyulub


7-07-2014, 16:07
Masallıda səhiyyə sistemi rəzil gününə qoyulub
Redaksiyamıza daxil olan məlumatlarda Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Cəlil Nəzərovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Həmin məlumatlar əsasında hazırladığımız tənqidi material qəzetimizin ötən saylarından birində dərc olunmuşdu. Materialda qeyd olunmuşdu ki, Masallı səhiyyəsinin bu gün düşdüyü son dərəcə ağır duruma görə birbaşa RMX-nın baş həkimi C.Nəzərov məsuliyyət daşımalıdır. Aldığımız şikayət məktublarında bildirilir ki, Masallı rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Halbuki, Masallı rayonuna bu ehtiyaclar üçün dövlət tərəfindən ayrılan illik vəcaitin məbləği 500 min manatdır. Bunun müqabilində isə əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsində əhali arasında son vaxtlar hədsiz narazılıqlar baş qaldırıb. Bunlara səbəb isə əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların və lazım olan şəkər analizi üçün çubuqların verilməməsi, yaxud pulla satılmasıdır. Bundan başqa daxil olan məlumatlarda Cəlil Nəzərovun xəstəxanada tətbiq etdiyi “ölü canlar”, daha dəqiq desək “yarıölü canlar” təcrübəsindən ətraflı bəhs olunur. Bildirilir ki, baş həkim RMX-ya tələb olunandan xeyli artıq sayda texniki personal işə götürüb. Onların hər birinə isə 140 manat məbləğində aylıq maaş yazılır. Bu pulların isə düz yarısı qarşılıqlı razılıq əsasında baş həkim tərəfindən mənimsənilir. Bundan başqa xəstəxanada bəzi mücərrəd vətəndaşlar üçün saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Rayon sakinlərinin fikrincə, Masallı Rayon Mərkəzi Xsətəxanasında əmək intizamı tamamilə yaddan çıxıb, bütün kainetlərdə xəstələrdən sürəkli rüşvət yığılır və hər kəs baş həkimə aylıq hesab verir. Digər tərəfdən isə həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. Hazırda doğum şöbəsinin təmirə verilməsi bu sahədə problemləri bir qədər də artırıb. Belə ki, şöbəni müvəqqəti olaraq təcili yardım stansiyasının binasında yerləşdirən C.Nəzərov buna görə doğuşa gələn xəstələrdən əlavə olaraq 50 manat məbləğində kirayə pulu tələb edir. Hər doğuşa görə isə şöbədə daha 200 manat pul alınır. Bir sözlə, Masallı səhiyyəsi bu gün sırf Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun öz qaydaları əsasında fəaliyyət göstərir. Rayon sakinləri isə bu qaydaların rayon səhiyyəsini iflasa uğratdığına əmin olduqlarını bildirirlər...

Geri qayıt