Əsas Səhifə > Güney Press > Media hara gedir?

Media hara gedir?


Bu gün, 17:51

Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Media və Yayım Şurası yeni mərhələnin başlanğıcı sayıla bilər. Rəqəmsallaşma, onlayn sistemə sürətli keçid media və yayım məsələlərinə yeni, həm də fərqli yanaşma tələb edir.

Biz ənənəvi media mərhələsini – qəzet dövrünü başa vurduq. Saytlar (onlayn media) artıq keyfiyyətcə, eləcə də mahiyyətcə başqa mərhələyə keçid edir. Biz bu keçidlərin, transformasiyaların arxasınca qaçmamaq üçün adaptasiya prosesini sürətləndirməli, dövrün tələbinə uyğunlaşmalıyıq. Ona görə də media sahəsində baş verən bu inqilabi dəyişikliklərə təəccüb etməyə gərək yoxdur. Əksinə, buna uyğunlaşmaq, reallıqlara cavab vermək lazımdır.

Az qalsın kosmik sürətlə dəyişən mühitdə mövcudluğumuzu qorumalı, təmsil olunduğumuz media subyektlərini yeni şəraitə uyğunlaşdırmalıyıq. Bütün bunlar keyfiyyət və auditoriya itkisi olmadan reallaşdırılmalıdır.

Dövlət bu xətti düzgün müəyyən edib və lazımı dəstəyi əsirgəmir. Kimin nə deməsindən asılı olmayaraq, dövlətin dəstəyi, Prezidentin iradəsi olmadan bu vacib, həm də çətin mərhələni keçmək mümkün olmaz. Dövlətin informasiya və yayım təhlükəsizliyinə elə dövlət səviyyəsində yanaşılmalıdır. Başqa necə ola bilər ki?..

Əhməd İsmayılovun Media və Yayım Şurasına sədr təyin edilməsi gözlənilən idi. Bu, media, jurnalist ictimaiyyəti üçün ən uyğun təyinatdır. Çünki 2020-ci ilin aprel ayından üzü bəri mediada baş verənlər yalnız müsbət istiqamətdə dəyərləndirilir. Əhməd İsmayılovun son 6 illik fəaliyyəti ona yenidən ən ali səviyyədə etimad göstərilməsini şərtləndirdi. Hər birimiz və ölkəmiz üçün xeyir, uğurlu olsun.

Azər Ayxan
Globalinfo.az


Geri qayıt