Əsas Səhifə > Güney Press / Ana xəbər > Müsavat partiyası daxilində şok gəlişmələr iddiası

Müsavat partiyası daxilində şok gəlişmələr iddiası


4-07-2014, 13:07
Müsavat partiyası daxilində şok gəlişmələr iddiası
“Müsavat Partiyası daxilində münasibətlər yenidən gərginləşib. Qurultay öncəsi partiyadaxili qruplaşmalar arasında münasibətlər dözülməz həddə çatıb və tərəflər bir-birini ən ağır formada ittiham etməkdən belə çəkinmirlər”.

Bununla bağlı informasiya Editor.az-a Müsavat Partiyası daxilindəki mənbədən daxil olub.

Məlumatlı mənbə bildirir ki, yaranmış vəziyyətdən başqan İsa Qəmbər öz xeyrinə istifadə etməyə çalışır: “Bilirsiniz ki, Müsavat Partiyasının 2001-ci ildə keçirilən qurultayında Nizamnaməyə əlavə və dəyişikliklər edilib. Dəyişikliklər sırasında başqanın və rayon təşkilatları sədrlərinin iki dəfədən artıq müddətə seçilməsinə məhdudiyyət qoyulub. Həmin dövrdə təklif İsa Qəmbərin özü tərəfindən gündəmə gəlsə də, sonradan başqan dediyi sözü tutmaq istəməyib. Növbəti dəfə Nizamnamə dəyişikliyinə gedib, özünü başqan seçdirməsinin onun üçün siyasi sonluq olduğunu bilən Müsavat lideri çıxış yolunu qurultayın vaxtını uzatmaqda görüb. Belə bir vəziyyətdə başqan partiyadaxil intriqaları bəhanə gətirərək, qurultayın zamanını daha bir neçə il uzatmağa çalışır”.

Hazırda Müsavat daxilində kütləvi istefaların olduğunu deyən həmsöhbətimiz qurultaydan sonra partiya funksionerlərinin də qurumu tərk edəcəyini söylədi: “Hazırda partiyada iki qruplaşma, Arif Hacılı və Vurğun Əyyub-Qubad İbadoğlu qruplaşmaları arasında amansız mübarizə gedir. Tərəflər öz namizədi ilə seçkiyə qatılmaqda israrlıdır və qarşı tərəfin partiyanı götürəcəyi təqdirdə komanda halında Müsavatı tərk edəcəklər”.

Qurultayda başqanlığa ən şanslı namizədin Arif Hacılı olduğunu deyən mənbəmiz bu halda Vurğun Əyyub və Qubad İbadoğlunun dərhal Müsavatdan gedəcəyini qeyd edir.

Sonda qaynağımız bildirdi ki, İsa Qəmbər bunun baş verməməsi və partiyada nəzarəti əldə saxlamaq üçün alternativ variantlar axtarır və Arzu Səmədbəylinin qəfil namizədliyini irəli sürməyə hazırlaşır.

Geri qayıt