Əsas Səhifə > Güney Press > Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər

Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər


Bu gün, 17:49

Kart limitlərinin gündəlik xərclərdə geniş istifadə olunması və taksit imkanlarının artması insanların real gəlirlərindən daha çox xərcləməsinə şərait yaradır.

Kredit imkanlarının gəlir mənbəyi kimi qəbul edilməsi isə həm fərdi büdcə, həm də ailələrin maliyyə dayanıqlılığı baxımından müəyyən risklər yaradır.

Bəs insanların kredit kartı limitini əlavə gəlir mənbəyi kimi görməsinin əsas səbəbləri nələrdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, insanların kredit kartı limitini əlavə gəlir mənbəyi kimi görməsinin əsas səbəbi gəlirlə xərclər arasındakı fərqin kredit hesabına bağlanmasıdır:

“Maaş və gündəlik gəlir əsas ehtiyacları tam qarşılamağa kifayət etmədikdə və ya insanlar daha yüksək həyat standartını indiki gəlirləri ilə təmin etmək istədikdə kredit kartı əlçatan maliyyə mənbəyinə çevrilir.

Burada bankların kredit və taksit məhsullarını asan təqdim etməsi, reklamların çoxluğu və “indi al, sonra ödə” yanaşması da mühüm rol oynayır.

Bunu yalnız maliyyə savadlılığının aşağı olması ilə izah etmək düzgün olmaz. Gəlirlərin məhdud olması və yaşayış xərclərinin yüksəkliyi də insanları borclanmağa məcbur edir.

Amma kredit limitinin insanın öz pulu olmadığını, geri qaytarılmalı borc olduğunu düzgün qiymətləndirməmək artıq maliyyə savadlılığı problemi sayıla bilər. Xüsusilə bir kreditin digər kreditlə bağlanması və ya hər ay yalnız minimum ödənişin edilməsi təhlükəli siqnaldır”.

Onun sözlərinə görə, kredit və taksitlərdən həddindən artıq istifadə ailənin gələcək gəlirinin indidən xərclənməsi deməkdir:

“Bu zaman insanın maaşının müəyyən hissəsi hər ay əvvəlki borcların ödənilməsinə gedir və yeni xərclər üçün yenidən kreditə ehtiyac yaranır. Beləliklə, borc bir müddət sonra gəliri üstələyə və ailəni borc dövriyyəsinə sala bilər.

Ümumi səviyyədə bu tendensiyanın genişlənməsi də risklidir. Əhalinin borclanması sürətlə artırsa, gəlirlərdə azalma, işsizlik, faizlərin yüksəlməsi və ya gözlənilməz xərclər zamanı kreditlərin qaytarılmasında problemlər yarana bilər.

Nəticədə problemli kreditlər arta, ailələrin istehlak imkanları zəifləyə və maliyyə sisteminə əlavə təzyiq yarana bilər.

Ən təhlükəli məqam isə kreditin gəlir kimi qəbul edilməsidir. Kredit müəyyən problemi həll edə və ya böyük alışın maliyyələşdirilməsinə kömək edə bilər, amma real gəlir yaratmır. Əksinə, gələcək gəlirin bir hissəsini əvvəlcədən xərcləməkdir”.

İqtisadçı qeyd edib ki, ona görə də kreditdən istifadə etmək özü problem deyil, əsas problem insanın qaytara biləcəyindən daha çox borclanmasıdır.


Geri qayıt