Əsas Səhifə > Güney Press > İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldıBu gün, 17:23 |
|
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın iqtisadi əlaqələrini digər bazarlara yönəltmək cəhdlərinə münasibət bildirib. Overçukun sözlərinə görə, Ermənistanın digər bazarlara istiqamətlənməkdə uğur qazanacağına şübhə ilə yanaşır. “Ermənistanlı tərəfdaşlarımızın özlərini digər bazarlara yönəltməkdə uğur qazanacağına şübhə edirəm”, – deyə Overçuk bildirib. Ermənistanın alternativ bazarları Avropadır, Çindir, Mərkəzi Asiyadır, Türkiyədir? Rusiya niyə 2 milyonluq Ermənistana görə bu qədər narahat olur? Bazarların dəyişməsi İrəvana nəzarət imkanlarının dəyişməsi deməkdir? Rusiya Ermənistanı Qərbə niyə bu qədər qısqanır və onu niyə əldən vermək istəmir? Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Ermənistan Moskvanın Cənubi Qafqazdakı sonuncu rəsmi hərbi-siyasi qalası və regiona təsir göstərmək üçün ən əlverişli rıçağıdır: “İrəvanın Qərbə yaxınlaşmaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq cəhdlərinə baxmayaraq, Moskva bu regiondakı geosiyasi mövqelərini tamamilə itirmək istəmir. Rusiyanın Ermənistanı tam buraxmamasının əsas səbəblərini bir neçə mühüm amillə izah etmək olar. Bu ölkənin 102-ci hərbi bazası onun regiondakı varlığının ən böyük simvoludur. Rusiya bu bazanı qorumaqla həm Türkiyə və NATO qüvvələrinə qarşı tarazlıq yaradır, həm də regionda hərbi güc nümayiş etdirir. Rus hərbçiləri hələ də Ermənistanın müəyyən xarici sərhədlərinin qorunmasında iştirak edir. Buradan tamamilə çıxmaq Qərbin regiona birbaşa yerləşməsinə şərait yarada bilər. Ermənistan siyasi cəhətdən Qərbə meyllənsə də, iqtisadi baxımdan Rusiyadan tam asılı vəziyyətdədir. Ermənistanın təbii qaz, elektrik enerjisi və yanacaq təminatı böyük ölçüdə Rusiyanın “Qazprom” kimi nəhəng şirkətlərinin əlindədir. İrəvan üçün ən böyük ixrac bazarı Rusiyadır. Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iki ölkə arasında yük daşımaları böyük həcmdə davam edir. Rusiya fitosanitar və ya gömrük yoxlamalarını sərtləşdirməklə Ermənistan iqtisadiyyatını asanlıqla iflic edə bilər. Dəmir yolu şəbəkəsi Rusiya şirkəti tərəfindən idarə olunur. Rusiya hazırkı Nikol Paşinyan hakimiyyətinin siyasətindən ciddi narazı olsa da, Ermənistan xalqı və dövləti ilə bağları tam qırmır. Moskva hesab edir ki, gələcəkdə Ermənistanda hakimiyyətə daha Rusiyayönümlü qüvvələr gələ bilər. Ermənistanı indidən tamamilə itirmək gələcək təsir imkanlarını sıfırlamaq deməkdir. Rusiya Ermənistandan imtina etmək əvəzinə, onu öz səhvlərinin nəticələri ilə baş-başa buraxmağı üstün tutur. Kreml İrəvana nümayiş etdirir ki, Rusiya hərbi çətiri və iqtisadi güzəştləri olmadan Ermənistan regiondakı digər böyük güclər qarşısında zəif qalacaq. Putin Paşinyan hakimiyyətini açıq şəkildə Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında kəskin seçim etməyə məcbur edir. Rusiya Ermənistanı sevdiyi üçün deyil, Cənubi Qafqazda regional nəzarəti əldən verməmək, Qərbin regiona gəlişini əngəlləmək və İrəvanı iqtisadi-enerji rıçaqları ilə özündən asılı saxlamaq üçün ondan imtina etmir. Hazırda tərəflər arasında gərginlik pik həddə olsa da, tam qopma hər iki tərəf üçün ciddi geosiyasi risklər daşıyır”. Geri qayıt |