Əsas Səhifə > Güney Press > Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilərBu gün, 16:09 |
|
Son günlər ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin əvvəl Moskvada Prezident Vladimir Putinlə, ardınca isə Kiyevdə Prezident Volodimir Zelenski ilə keçirdiyi görüşlər Vaşinqtonun Rusiya-Ukrayna müharibəsini yenidən diplomatik masaya qaytarmaq cəhdinin mühüm mərhələsi kimi diqqət çəkir. Moskva görüşünün üç saatdan çox davam etməsi, tərəflərin bunu konstruktiv və faydalı adlandırması, daha sonra isə eyni şəxslərin Kiyevə gedərək Zelenski ilə “məzmunlu” danışıqlar aparması təsadüfi diplomatik trafikdən daha böyük məna daşıyır. Bəs bu qapalı görüşlərdə hansı variantlar müzakirə olunub? Vaşinqton nəyi dəyişməyə çalışır? Moskva və Kiyev hansı güzəştlərə hazır ola bilər? Ən əsası isə, bu səfərlər müharibənin gedişində hansı konkret ssenarilərin qarşısını aça bilər — atəşkəs, yeni üçtərəfli danışıqlar, müvəqqəti dondurulmuş münaqişə, yoxsa müharibənin daha uzun müddət davam etməsi? Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, bu səfərlərin ən real nəticəsi yaxın günlərdə “böyük sülh sazişi”nin gündəmə gəlməsi deyil: “Zənnimcə, burada söhbət, yalnız danışıqların yenidən başlanılması və məhdud atəşkəs mexanizmlərinin işə düşməsi perspektivindən gedə bilər. Çünki mahiyyət dəyişməyib və Moskva ilə Kiyevin fundamental mövqeləri hələ də bir-birinə ziddir. Rusiya Ukraynanın NATO-dan kənarda qalmasını və dörd vilayət üzrə ərazi güzəştlərini tələb edir, Kiyev isə ərazi məsələsini liderlər səviyyəsində müzakirə edilə bilən, lakin təhlükəsizlik təminatları olmadan həll olunmayan məsələ sayır. Məlum olduğu kimi, Moskva görüşü üç saatdan çox çəkib, lakin tərəflər konkret razılaşmanın əldə olunub-olunmadığını açıqlamayıblar. Kiyev görüşündə isə Uitkoff və Kuşner “yeni ideyaları” Ukrayna rəhbərliyinə çatdırdıqlarını, hər iki tərəfin iştirakı ilə üçtərəfli formatı bərpa etmək istədiklərini bildiriblər. Bu, isə daha çox tərəflərin mövqelərinin müəyyənləşdirilməsinə xidmət edən cəhd olaraq qiymətləndirilə bilər. Bu xüsusda ən yüksək ehtimallardan biri diplomatik canlanmanın baş verməsidir. ABŞ, Ukrayna və Avropa nümayəndələrinin yeni görüşü, ardınca Rusiya–Ukrayna–ABŞ üçtərəfli danışıqları təşkil oluna bilər. Bunun ilk praktik nəticəsinin atəşkəsin bütün istiqamətlərdə tətbiqindən daha çox, paytaxtlara, enerji infrastrukturuna və ya uzaqmənzilli zərbələrin dayandırılmasına dair qısamüddətli fasilənin əldə edilməsi ola bilər. Səfər günlərində hava hücumlarının müvəqqəti zəifləməsi bunun üçün müəyyən siyasi presedent yaradıb, amma hücumların tam dayanmadığı da bəllidir”. Deputat bildirib ki, başqa bir ehtimal yekun sülh sazişi olmadan əməliyyatların tamamilə dayandırılması, atəşkəsin əldə olunmasıdır: “Bu halda Ukrayna işğal olunmuş əraziləri rəsmən Rusiyanın tərkibi kimi tanımır, Rusiya isə faktiki nəzarət etdiyi sahələri saxlayır, iqtisadi və humanitar istiqamətlərdə addımlar atılır və Ukraynaya real təhlükəsizlik zəmanətləri müzakirə olunur. Lakin bu nəticə yalnız Ukrayna ordusunun döyüş potensialının qorunması, Qərbin konkret müdafiə öhdəlikləri və pozuntuya görə əvvəlcədən razılaşdırılmış sanksiya mexanizmi ilə davamlı ola bilər. Əks halda, bu, sülh yox, növbəti müharibəyə hazırlıq üçün fasilə deməkdir. Bununla yanaşı, daha öncə də qismən özünü büruzə verən prosesin yenidən təkrarlanması da mümkündür. Yəni danışıqlar formal olaraq bərpa edilir, müharibənin isə davam edir. Tərəflər danışıqlar masasında görünməklə beynəlxalq təzyiqi azaltmağa çalışarlar, amma ərazi və təhlükəsizlik məsələlərində geri çəkilmirlər. Bu halda hazırda olduğu kimi enerji obyektlərinə zərbələr, hava hücumları və tükəndirmə müharibəsi davam edə bilər. Mövcud vəziyyət də buna zəmin yaradır. Çünki 1 250 kilometrlik cəbhədə böyük irəliləyiş yoxdur, amma hava hücumları intensivləşib”. E.Mirzəbəylinin sözlərinə görə, ən aşağı ehtimal ərazi məsələsində geniş kompromisin və uzunmüddətli sülhün əldə olunmasıdır: “Bunun üçün Moskva maksimalist ərazi tələblərini yumşaltmalı, Kiyev isə təhlükəsizlik təminatlarına tam etibar etməlidir. Hər iki addım indiki siyasi və hərbi şəraitdə bir o qədər də real görünmür. İndiki vəziyyətdə bu görüşləri diplomatik pəncərənin yenidən açılması kimi qiymətləndirmək daha doğru olar. Yaxın həftələrin əsas göstəricisi üçtərəfli görüşün tarixi, zərbələrin məhdudlaşdırılması üçün yazılı və monitorinq olunan mexanizmin yaradılması, eləcə də Ukrayna üçün hüquqi və hərbi baxımdan inandırıcı təhlükəsizlik paketinin açıqlanması ola bilər. Bütün bunlar baş verməzsə, səfərlər müharibənin gedişini dəyişməkdən daha çox, növbəti danışıqlar mərhələsinə hazırlıq kimi yadda qalacaq və heç bir ciddi perspektiv vəd etməyəcək”. Geri qayıt |