Əsas Səhifə > Güney Press > Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildiBu gün, 12:15 |
|
Azərbaycanda geniş istifadə olunan Uber qlobal yenidənqurma strategiyası çərçivəsində Afrikadakı fəaliyyətini daraltmaq qərarına gəlib. Şirkət Nigeriya və Uqandadakı xidmətlərini əvvəlcədən xəbərdarlıq etmədən dayandırıb. Musavat.com xəbər verir ki, sərnişin daşıma platforması Uber-in hər iki ölkədəki fəaliyyəti sentyabrın 2-dən etibarən tamamilə dayandırılıb. Qərar həm sərnişinləri, həm də sürücüləri hazırlıqsız yaxalayıb. Bir çox sürücü və müştəri xidmətlərin dayandırıldığını yalnız tətbiqin işləmədiyi gün göndərilən elektron məktub vasitəsilə öyrənib. Bildirilir ki, məktubların böyük hissəsi istifadəçilərin spam qovluğuna düşüb. Uber istifadəçilərə göndərdiyi məlumatda fəaliyyətlərinin hərtərəfli şəkildə nəzərdən keçirildiyini və 2 sentyabr 2026-cı il tarixindən etibarən Nigeriya və Uqanda bazarlarından çıxmaq barədə çətin qərar qəbul edildiyini bildirib. Şirkət qərarın səbəbləri ilə bağlı ətraflı məlumat verməyib. Uber nümayəndələri yalnız “dəyişən prioritetlərə” diqqət çəkib və fəaliyyətdə olan sürücülərə dəstək göstəriləcəyini bildiriblər. Uber Afrika bazarına ilk dəfə 2014-cü ildə Nigeriyada daxil olub. Şirkət 2016-cı ildə isə Uqandanın paytaxtı Kampalada fəaliyyətə başlayıb. Platforma regionun əsas nəqliyyat xidmətlərindən birinə çevrilmişdi. Xüsusilə Laqos kimi sıx məskunlaşmış şəhərlərdə ciddi tıxac probleminə alternativ yaratmaq üçün şirkət 2019-cu ildə hətta su nəqliyyatı xidməti də təqdim etmişdi. Şirkətin qəfil bazardan çıxması Uber vasitəsilə gəlir əldə edən minlərlə sürücünün narazılığına səbəb olub. Tətbiqin fəaliyyətini dayandırması ilə sürücülər sifariş bazalarına və gəlir mənbələrinə dərhal çıxışlarını itiriblər. Uber-in Nigeriya və Uqandadan çıxması şirkətin dünya üzrə daha geniş strategiya dəyişikliyi apardığı dövrə təsadüf edib. Şirkətin qlobal miqyasda işçi sayını təxminən 10 faiz azaltmaqla 3 mindən çox əməkdaşla yollarını ayırdığı, idarəetmə strukturunu sadələşdirdiyi və resurslarını avtonom, yəni sürücüsüz nəqliyyat texnologiyalarına yönəltdiyi bildirilir. Bu baxımdan Nigeriya və Uqanda bazarlarından çıxmaq qərarının şirkətin dəyişən qlobal prioritetləri ilə əlaqəli olduğu qeyd edilir. Geri qayıt |