|

Ali Məhkəmədə qeyri-rəsmi nikah münasibətində olduğu qadını döyməkdə təqsirləndirilən Aydın Bayramovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ildə saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib.
Belə ki, Aydın Bayramov zərərçəkmiş Nailə Əsədova (adı, soyadı şərtidir) ilə qeyri-rəsmi nikah münasibətində olub və onlar birlikdə yaşayıblar.
Hadisə günü təqsirləndirilən şəxs qadının “WhatsApp” proqramında başqa bir oğlanla yazışdığını aşkar edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Aydın Nailəni təpik və dirsəklə sifət və bədən nahiyələrindən bir neçə dəfə qəsdən vurub. Nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulub.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Aydın Bayramov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib. Qərarla razılaşmayan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə Nailənin apellyasiya şikayətini təmin edilib, Nizami Rayon Məhkəməsinin qərarı ləğv olunub.
Məhkəmə Aydının əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilib. Hökmə əsasən, o, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Daha sonra Nailə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Geri qayıt
|