Əsas Səhifə > Güney Press > Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş

Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş


Bu gün, 17:10

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan azərbaycanlılardan biri 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatının iştirakçısı olub. Musavat.com xəbər verir ki, söhbət Şabran sakini Qədir Quliyevdən gedir.


Onun atası Baloğlan Quliyev oğlunun hazırda Türkiyədə saxlanıldığını və ailəsinin onunla əlaqə yarada bilmədiyini bildirib: “Övladımın 22 yaşı var. O, 2023-cü ilin 19 sentyabrında Fərrux dağında baş verən birgünlük antiterror əməliyyatlarının iştirakçısı olub. Bakıda Caspian Təhsil Mərkəzində 6 aylıq kurs keçib. Təhsilini 2024-cü ilin aprelində başa vurduqdan və lazımi sənədlərini topladıqdan sonra, bu il aprelin 21-də Türkiyəyə gedib. O, Türkiyədə gəminin maşın bölməsində motorist köməkçisi kimi çalışırdı”, – deyə Baloğlan Quliyev Musavat.com-a açıqlamasında bildirib.


Atanın sözlərinə görə, qəza baş verən zaman ailə hadisədən xəbərsiz olub. Sonradan onlara gəmidə qəza baş verdiyi və heyət üzvlərinin yoxlama və analiz üçün saxlanıldığı bildirilib.


“Sonuncu dəfə avqustun 30-da əlaqə saxlaya bilmişik. Qəza günü o, anasına “WhatsApp”dan yazmışdı. Sonra başqa bir nömrədən mənimlə danışdı və bildirdi ki, avqustun 30-u gecəsi onları yenidən yoxlamadan keçirirlər. Məlumata görə, öz telefonu suya düşdüyü üçün başqa nömrədən zəng edirdi. Həmin vaxtdan bəri onunla heç bir əlaqəmiz yoxdur”, – Quliyev deyib.


Baloğlan Quliyev bildirib ki, ailə Mersində yerləşən dənizçilik şirkəti ilə əlaqə saxlayıb. Lakin onlara verilən məlumatların dəqiqliyinə tam əmin ola bilmirlər.
“Birbaşa oğlumuzla əlaqə yarada bilsək, vəziyyət bizə aydın olar. Bizim orada hüquqi yardım almaq və ya gedib onunla görüşmək imkanımız yoxdur.


Qədir bu vətənin övladıdır, ruzi qazanmaq üçün oraya gedib. Güclü Azərbaycan dövlətindən və aidiyyəti qurumlardan xahiş edirik ki, övladımızın hüquqlarının müdafiə olunmasına, onun geri qaytarılmasına və bizə köməklik göstərilməsinə dəstək olsunlar”, – deyə ata müraciət edib.


Qeyd edək ki, Şimali Kiprin Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb. Onlar Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayon sakini Qədir Quliyevdir.


Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb. Daha 19 sərnişinin taleyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Musavat.com


Geri qayıt