Əsas Səhifə > Güney Press > Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa...
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa...Bu gün, 12:20 |
|
Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin mərhələli şəkildə bərpasıdır. Rəsmi açıqlamalar yaxın vaxtlarda iki ölkə arasında qarşılıqlı ticarətin başlanacağına işarə etsə də, bu prosesin hansı məhsullar üzrə formalaşacağı, bazarın buna necə reaksiya verəcəyi və iqtisadi inteqrasiyanın hansı çərçivədə inkişaf edəcəyi müzakirə mövzusu olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, kommersiya maraqları əsas rol oynasa da, istehlakçı davranışı, bazar psixologiyası və dövlətin iqtisadi siyasəti də bu prosesin gedişinə təsir göstərəcək. Maraqlıdır, Azərbaycan bazarında Ermənistan mənşəli məhsullar üçün real kommersiya potensialı daha çox hansı sahələrdə formalaşa bilər? İlk mərhələdə bu məhsulların bazara daxil olması yerli istehsalçıların maraqlarına və rəqabət mühitinə necə təsir göstərə bilər? Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib. İqtisatçı bildirib ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı ticarətin genişlənməsi real mərhələyə keçərsə, Ermənistan mənşəli məhsullar üçün Azərbaycanda ən böyük kommersiya potensialının ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarında yaranacağını düşünürəm: "Ermənistanın ixrac strukturunda emal olunmuş ərzaq məhsulları, meyvə-tərəvəz, konservlər, mürəbbə, pendir, balıq məhsulları, mineral su, şirələr və digər içkilər mühüm yer tutur. Ermənistanın rəsmi ixrac kataloqunda da meyvə-tərəvəz, şirə və içkilər, şirniyyat, konservləşdirilmiş məhsullar, ət və balıq məhsulları kimi kateqoriyalar geniş yer alır. Azərbaycan bazarında xüsusilə mövsümi meyvə-tərəvəz, quru meyvələr, konservləşdirilmiş və emal olunmuş ərzaq məhsulları, mineral sular, şirələr və bəzi şirniyyat növləri müəyyən bazar tapa bilər. Bununla belə, burada Ermənistan məhsullarının avtomatik olaraq böyük üstünlük qazanacağını düşünmək düzgün olmaz. Azərbaycan istehlakçısının qiymətə həssaslığı yüksəkdir və yerli istehsalçılarla yanaşı Türkiyə, Rusiya, İran, Gürcüstan və digər ölkələrdən gələn məhsullar da ciddi rəqabət yaradır. İlk mərhələdə əsas təsir rəqabətin artması olacaq. Əgər Ermənistan məhsulları daha aşağı qiymətlə bazara daxil olarsa, bu, yerli istehsalçıları qiymət, keyfiyyət və çeşid baxımından daha rəqabətli olmağa məcbur edə bilər. Bu, istehlakçı üçün müsbət nəticədir. Digər tərəfdən, xüsusilə eyni məhsulu istehsal edən Azərbaycan fermerləri və emal müəssisələri üçün müəyyən təzyiq yarana bilər. Məsələn, daxili bazarda pomidor, meyvə, tərəvəz və konserv məhsullarının təklifi artarsa, yerli istehsalçının satış qiymətinə təsir göstərə bilər. Amma bunu yalnız təhlükə kimi qiymətləndirmək də doğru deyil. Rəqabət yerli istehsalçını məhsuldarlığı artırmağa, maya dəyərini azaltmağa, keyfiyyəti yüksəltməyə və daha yaxşı qablaşdırma və marketinq strategiyası qurmağa sövq edə bilər. Üstəlik, Azərbaycan şirkətləri üçün Ermənistan bazarına çıxış imkanlarının yaranması da balansı dəyişir. Yəni proses yalnız “Ermənistan Azərbaycana nə satacaq?” sualı ilə deyil, “Azərbaycan Ermənistana nə sata və hansı xidmətləri göstərə bilər?” prinsipi ilə qiymətləndirilməlidir. Dövlət isə burada bazarı tam bağlamaq və ya yerli istehsalçını istənilən rəqabətdən qorumaq yolunu seçməməlidir. Əsas prinsip bərabər rəqabət, qida təhlükəsizliyi, keyfiyyət standartları və milli istehsalın strateji sahələrdə qorunması olmalıdır. Ermənistan məhsullarına siyasi səbəblərlə süni məhdudiyyət qoymaq nə iqtisadi baxımdan, nə də uzunmüddətli regional inteqrasiya baxımından faydalıdır. Eyni zamanda yerli istehsalçının subsidiyalaşdırılmış və ya qeyri-bərabər şərtlərlə daxil olan xarici məhsul qarşısında müdafiəsiz qalmasına da yol vermək olmaz. Buna görə idxalın mərhələli şəkildə liberallaşdırılması, məhsulların mənşəyinin və keyfiyyətinin ciddi yoxlanılması, gömrük və sanitar prosedurlarının şəffaf aparılması daha düzgün yanaşma olar. Xüsusilə kənd təsərrüfatında mövsümi qıtlıq və qiymət artımı zamanı idxalın artırılması istehlakçının maraqlarına xidmət edə bilər, yerli istehsalın kifayət etdiyi dövrlərdə isə bazarın kəskin şəkildə ucuz idxalla doldurulması istehsalçıya zərər vura bilər. Ən vacib məsələ isə odur ki, Azərbaycan–Ermənistan ticarəti birtərəfli idxal kanalına çevrilməməlidir. Qarşılıqlı ticarət elə qurulmalıdır ki, həm Azərbaycan istehlakçısı daha çox seçim və münasib qiymət qazansın, həm yerli sahibkar rəqabət şəraitində inkişaf etsin, həm də Azərbaycan şirkətləri Ermənistan bazarına çıxış əldə etsin. Bu halda normallaşma sadəcə iki ölkə arasında mal mübadiləsini deyil, daha geniş regional iqtisadi əməkdaşlığı gücləndirə bilər". Geri qayıt |