Əsas Səhifə > Güney Press > Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildiBu gün, 12:18 |
|
Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Mövlan İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona 4 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunub. İttihama görə, hadisə 2026-cı il yanvarın 13-də saat 22 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən “Xan” çay evinin qarşısında baş verib. Belə ki, Mövlan İsmayılovla Türkmənistan vətəndaşı, zərərçəkmiş Meylis Aydogduyev arasında daha əvvəldən ədavət olub. Hadisə günü səhər saatlarında Dəllər qəsəbəsində yerləşən “Moskva market” adlanan ictimai iaşə obyektinin qarşısında tərəflər arasında mübahisə yaranıb. Mübahinin səbəblərindən biri zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin bacısını narahat etməsi olub. Bu zaman Meylis Aydogduyev Mövlan İsmayılova xəsarətlər yetirib. Hadisədən bir gün sonra təqsirləndirilən şəxs hərbi xidmətə yollanıb. Sonradan hərbi xidmətdən qayıtdıqdan sonra tərəflər arasında yaranmış münasibət yenidən gərginləşib. Sonra Mövlan İsmayılov Meylis Aydogduyevin qardaşının ona kinayəli baxdığını və nəsə dediyini düşünüb. Bundan sonra o, həmin şəxsə “nəyə baxırsan?” deyə irad bildirib. Məsələni aydınlaşdırmaq məqsədilə zərərçəkmiş şəxsin qardaşı tərəfindən təqsirləndirilən şəxs çay evinə dəvət edilib. Lakin Mövlan İsmayılov burada ona irad bildirilməsini və tərəflər arasında əvvəllər baş vermiş mübahisəni nəzərə alaraq Meylisin yenidən ona zərbə vuracağını düşünüb. İttihamda bildirilir ki, bundan əvvəl təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən götürdüyü və üzərində gəzdirdiyi bıçağı özü ilə çay evinə aparıb. İnsanların gur toplaşdığı ictimai yer hesab olunan çay evində təqsirləndirilən şəxs bıçaqdan silah qismində istifadə edib. Mövlan İsmayılov ətrafındakılara öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu nümayiş etdirmək məqsədilə cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına açıq-aşkar hörmətsizlik göstərib. O, 20-25 dəqiqə ərzində çay evində istirahət edən şəxslərin narahatlığına səbəb olan və obyektin fəaliyyətinə maneə yaradan qəsdən qərəzli xuliqanlıq hərəkətləri edib. Daha sonra Mövlan üzərində olan bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurub. Nəticədə Meylis müxtəlif dərəcəli deşilmiş-kəsilmiş yaralar alıb. Beləliklə, istintaqın versiyasına görə, Mövlan İsmayılov ictimai yerdə bıçaqdan istifadə etməklə xuliqanlıq edib və həmin xuliqanlıq hərəkətləri zamanı zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurub. Geri qayıt |