Əsas Səhifə > Güney Press > Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək

Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək


Bu gün, 07:26

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş qaydada üzv qəbul edilməsini dəstəkləməyəcək.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Budapeştdə keçirdiyi görüşdən sonra bildirib.

“Mən bir daha təsdiqlədim ki, Macarıstan heç bir namizəd ölkənin Aİ-yə sürətləndirilmiş prosedurla qəbulunu dəstəkləmir”, - Madyar bildirib.

Baş nazir həmçinin Aİ rəhbərliyindən Macarıstana tətbiq edilən gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsinin tezliklə həllini gözlədiyini deyib.

Madyar qeyd edib ki, Macarıstan qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün zəruri hüquqi mexanizmləri və sərhəd maneələrini qoruyub saxlayır.

“Macarıstan Avropa İttifaqının xarici sərhədlərini qorumaqda davam edir və bu səylərin Avropa səviyyəsində tanınmasını gözləyirik”, - Baş nazir vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin iyununda Avropa İttifaqı Məhkəməsi sığınacaq və miqrasiya qaydalarına əməl etmədiyinə görə Macarıstana 200 milyon avro birdəfəlik cərimə tətbiq edib. Ölkə, həmçinin qərarın icrasının gecikdirildiyi hər gün üçün 1 milyon avro ödəməyə məcbur edilib.


Geri qayıt