Əsas Səhifə > Güney Press > II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq

II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq


Bu gün, 17:01

Ermənistanın Bütün Ermənilərinin Katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurasının altı üzvü ilə bağlı cinayət işinin məhkəmə baxışı davam etməyəcək. İş ərazi aidiyyəti məsələsinə görə İrəvan şəhərinin Birinci İnstansiya Cinayət Məhkəməsinə göndərilib.

Modern.az xəbər verir ki, bu barədə “Armenpress” və “CivilNet” məlumat yayıb.

Məlumata görə, Armavir vilayətinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Serj Ruşanyan II Qaregin və Ali Ruhani Şuranın altı yepiskopu və arxiyepiskopu ilə bağlı cinayət işinin ərazi aidiyyəti qaydalarına uyğun olaraq İrəvan şəhərinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. Qərar məhkəmənin işə baxmaq üçün ərazi yurisdiksiyasına malik olub-olmaması ilə bağlı məsələ əsasında verilib. II Qaregin və altı ruhaniyə vəzifə səlahiyyətlərindən istifadə etməklə məhkəmənin qanuni qərarının icrasına qəsdən mane olmaq ittihamı irəli sürülüb. Cinayət işi Masiatsotn yeparxiyasının keçmiş rəhbəri, yepiskop Gevorq Saroyanın (dünyəvi adı Arman Saroyan-red) vəzifədən azad edilməsi ilə bağlı yaranmış hüquqi mübahisədən qaynaqlanır. Məhkəmənin əvvəlki qərarına əsasən, Saroyanın işə bərpa olunması və səlahiyyətlərini həyata keçirməsinə maneçilik törədilməməsi tələb olunub. İstintaq isə II Qaregin və digər din xadimlərinin həmin məhkəmə qərarının icrasına mane olduqlarını iddia edir.

Qeyd edək ki, II Qaregin və altı yepiskopla bağlı iş üzrə ilkin məhkəmə dinləməsinin 28 avqustda keçirilməsi nəzərdə tutulmuşdu. İclas Armavir vilayətinin məhkəməsinin Vağarşapatdakı binasında hakim Serj Ruşanyanın sədrliyi ilə planlaşdırılmışdı. Beləliklə, məhkəmə prosesi üzrə növbəti mərhələ artıq İrəvan şəhərinin Birinci İnstansiya Cinayət Məhkəməsində keçiriləcək.


Geri qayıt