Əsas Səhifə > Güney Press > “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...”
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...”Bu gün, 16:56 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işinin bəzi detalları məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, hadisə 2025-ci il sentyabrın 25-də 02:00 radələrində Bakının Sabunçu rayonunda yerləşən "Okean" restoranında baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Namiq Şirinli restoranda olan digər şəxslərin gözü qarşısında öz üstünlüyünü nümayiş etdirmək və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək niyyəti ilə zərərçəkmiş şəxslər - Babək Qazıyev və onun qardaşı Asəf Qazıyevin əyləşdiyi masaya yaxınlaşıb. Təqsirləndirilən şəxs onlardan pul tələb edib. Zərərçəkmiş şəxslərin pul verməkdən imtina etməsini bəhanə edən Namiq yüksək səslə mübahisə edib, onların ünvanına nalayiq ifadələr işlədib və bununla da ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirib. Daha sonra tərəflər restoranın həyətinə çıxaraq mübahisənin orada davam etdirib. İttihamda göstərilir ki, təqsirləndirilən şəxs üzərində olan cib bıçağını nümayiş etdirərək qardaşları söyüb. Sonra Namiq bıçaqla Babəkə zərbə vuraraq onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan xəsarət yetirib. Ekspertiza nəticəsinə görə, zərərçəkmiş şəxsin qarın nahiyəsinə daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara aldığı və bu xəsarətin sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirildiyi bildirilib. Bununla kifayətlənməyən təqsirləndirilən şəxs əlindəki bıçaqla Asəfə də zərbə vurub. Nəticədə Asəfin qarının ön divarında daxilə nüfuz edən və həyat üçün təhlükəli olan deşilmiş-kəsilmiş yara əmələ gəlib. Xəsarətin nazik və enən çənbər bağırsaqların zədələnməsi ilə müşayiət olunduğu və sağlamlığa ağır zərər kimi qiymətləndirildiyi göstərilir. Məhkəmə iclasında dindirilən Namiq Şirinli özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, hadisə günü “Okean” restoranında pivə içmək üçün oturub. Pivəsi bitmək üzrə olduğu üçün hesabı ödəyib evə getməzdən əvvəl sanitar qovşağa getmək məqsədilə ayağa qalxıb. Restorandan çıxarkən Babək adlı şəxs də ayağa qalxıb və onlar çiyin-çiyinə dəyiblər. Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Babək onu kürəyindən itələyərək çölə çıxarıb. Restoranın həyətində aralarında mübahisə yaranıb və Babək onun koftasını başına keçirərək yumruqla başına zərbələr endirib. Daha sonra Babəkin qardaşı Asəfi hadisə yerinə gəldiyini və onları ayırdığını deyib. Onun sözlərinə görə, həmin vaxt koftası da cırılıb və bundan sonra qarşı tərəf hadisə yerindən uzaqlaşıb. Namiq heç kimi vurmadığını və üzərində bıçaq olmadığını qeyd edib. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində istintaq zamanı verilmiş ifadəsinin alınması ilə bağlı da etirazlarını səsləndirib. O bildirib ki, hadisənin bəzi məqamlarını içkili olduğu üçün tam xatırlamır. Namiqin sözlərinə görə, müstəntiq ona hadisənin video görüntülərinə baxdıqlarını və həmin görüntülərdə onun başının görünmədiyini deyib. Təqsirləndirilən şəxs hadisə zamanı ətrafa bıçaq atdığını xatırlamadığını deyib. Namiq məhkəmədə zərərçəkmiş şəxslər - Babək və Asəfi əvvəldən tanıdığını bildirib. O qeyd edib ki, tərəflər arasında əvvəllər heç bir düşmənçilik olmayıb və hətta əvvəllər bir masa arxasında birlikdə yemək yeyiblər. Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş edib. Namiq Şirinlinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyəti ilə) və 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib və Namiq Şirinli cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |