Əsas Səhifə > Güney Press > “Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir”
“Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir”Bu gün, 17:38 |
|
Musavat.com-un növbəti həmsöhbəti şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğludur. B.Vəziroğlu saytımıza mərhum yaxın dostu, Xalq artisti Rasim Balayevdən, onunla uzun illərin dostluğundan, birlikdə keçirdikləri günlərdən və sənətkarın yoxluğunun onda yaratdığı hisslərdən danışıb. – Rasim mənim üçün hələ də yaşayır. Onun ruhu mənim ruhumla bir yerdədir. Onun yumoru... Özü gülməzdi, dodağı da qaçmazdı, amma elə söz deyərdi ki, uğunub gedərdik. Həyatda tamam başqa insan idi. İşıqlı, deyib-gülən, insanlara qayğı göstərən adamı necə xatırlamaya bilərsən?! Onun zarafatları, başına gələn hadisələr kədərli şeyləri xatırlamağa imkan vermir. Hər axşam zəngləşəndə bir-birimizə “eşq olsun” deyərdik. Bu, bizim məşhur frazamız idi. Bizi çox şey birləşdirirdi. Təxminən 30 il İttifaqda bir yerdə işləmişik. İşdən sonra da birgə vaxt keçirirdik. Daha sonra səfərlərə gedirdik. Fiziki tezliklər üst-üstə düşəndə insanlar doğma, yaxın olur. Bir təsəllim var ki, axırıncı dəfə Laçın səfərində də onunla birlikdə oldum. Əslində, Laçına getmək istəmirdi, çətinliklə razı saldım. – Niyə getmək istəmirdi? – Əhvalı yaxşı deyildi, ayağında problem var idi. Buna görə də getmək istəmirdi. Dedim: “A kişi, camaat başından, sən isə ayağından qocalırsan”. Zarafata saldım və razılığını alıb apardım. Laçın onun sonuncu səfəri oldu. Hər axşam Həkəri çayının kənarında oturub çay içirdi. Bakıda həyatdan küskün, canı ağrıyan adam orada sanki 30-40 il cavanlaşdı. Dedi, güldü, şənləndi. Dedim, nə yaxşı ki, bura gəlmişik. Çox qəribə idi. Təəssüf ki, birgə axırıncı səfərimiz oldu. Amma gözəl xatirə kimi qaldı. Biz bir-birimizi olduğu kimi qəbul edirdik və dəyişməyə çalışmırdıq. Rasim Balayev də məni olduğum kimi qəbul edirdi. Deyirdi: “Sən ağır xarakterlisən”. Amma mənim ağır xarakterimi o qəbul edirdi. Deyirdi, o, müəyyən yerlərdə güzəştə gedə bilir, amma mən getmirəm. Ardınca əlavə edirdi: “Amma sənin bu xarakterin məni güldürür, məni cəlb edir ki, sən nə dedin, odur”. Həyata, insanlara münasibətdə biz ziddiyyətli idik. Amma o ziddiyyətlər bizi bütöv edirdi, bir-birimizi tamamlayırdıq. Eyni xarakterli adamlar bir yerdə çox vaxt davam gətirə bilmirlər. Amma müxtəlif xarakterli insanlar bir-birini tamamlayır. Rasim Balayev humanist, yumşaq, yola verən adam idi. Mən isə tamam başqa adam idim. Sədaqətli dost idi. Bu mənada, bizimki tuturdu. Yeyib-içən, zarafatçı, həyatı eşqlə dolu, gözəl ailəsi olan, tərbiyəli uşaqları olan adam idi. Sənət aləmində, təəssüf ki, belə ailələri həmişə görmürsən. Ailə başçısı mənasında əsil köhnə kişilərdən idi . Bir az da konservativ idi, amma bu, onda gözəl idi. Ona görə deyirəm, fizikada məşhur qanun var. Fiziki tezliklər üst-üstə düşməsə, nə radio danışar, nə televizor göstərər. O tezliklər üst-üstə düşməlidir. İnsanlarda da mənəvi tezliklər var ki, onlar üst-üstə düşəndə bir tam alınır, bir dostluq alınır, ailə alınır, yoldaşlıq alınır. Bizdə o dostluq bizim mənəvi tezliklərimizin bir-birinə uyğunluğu idi. – Onun üçün darıxanda nə edirsiniz? Telefonu əlinizə alırsınız, amma Rasim bəyə zəng etmək olmur... – Övladları ilə danışıram. Şəkillərinə baxıram, onlardan videoçarx hazırlayıb paylaşıram. Rasimin yoxluğu mənim şəxsi faciəmdir. Bu gün mənim masamın arxasında Rasim Balayev yoxdur. Bu gün mən zəng edib ona “eşq olsun” deyə bilmirəm. Sənətkar kimi onun getməsi mənim üçün faciə deyil. Çünki sənətin ancaq doğum tarixi olur, ölüm tarixi olmur. Sənət əbədi qalır. Amma əvvəl dediyim kimi, bu, mənim şəxsi faciəmdə qalır. Bu gün Laçına dəvət etsələr, mən kiminlə gedim? Hansısa bir məclisə məni dəvət edəndə, mən Rasimi də çağırırdım. İkilikdə şən, gözəl məclis olurdu. O da eynisini edirdi, harasa dəvət ediləndə məni də özü ilə aparırdı. Tutaq ki, məni bir milyonçu məclisə çağırsın, ikilikdə onunla oturmaq mənim üçün heç nə ifadə etmir. Amma Rasimlə birgə gedəndə əsl məclis alınırdı. Mən tək yüksək vəzifəli bir məmurla oturub nə danışacağam ki? Amma ikilikdə elə ortam yaradırdıq ki... Hər il dekabrın 22-si biz yazın gəlişini qeyd edirdik. Hamı dəhşətə gəlirdi ki, dekabrın 22-si, Bakıda qar, çovğun var, nə yazın gəlişi? İnsanlara başa salırdıq ki, dekabrın 22-dən artıq gecələr yavaş-yavaş qısalır, günlər uzanır və hər halda, hər səhər bizi yaza aparır. Belə maraqlı bəhanələrimiz var idi. O qədər xatirələrimiz var ki...
– Hələlik xatirələr təzədir, ona görə yetimçilik hiss olunmur. Hərdən unuduram ki, Rasim Balayev yoxdur. Mənzilində, evində, otağında deyil. Çünki xatirələr çox təzədir. – Milyonçular, vəzifəlilər sizi niyə dəvət edirdi? – Mənə elə gəlir, biz o rəğbəti səmimiyyətimizlə, sadəliyimizlə qazanmışıq. Bilirdilər ki, bizimlə səmimi danışmaq olar. Mənə elə gəlir ki, o səmimiyyət bizi yüksək məmurlara, o iş adamlarına sevdirirdi. Yüksək vəzifəlilər, milyonçular elə adam axtarırlar ki, bir səmimi söz eşitsinlər, səmimi münasibət görsünlər. Milyonçu digər milyonçu ilə eyni masa arxasında əyləşəndə fikirləşir ki, digərinə necə fırıldaq gəlim ki, daha çox pul qazanım. Və yaxud yüksək məmur elə bilir ki, hamı ona yaltaqlanır, orada səmimiyyət olmur. Aşağı rütbəli işçilərin hamısı, təbii ki, yaltaqlanır. Amma bizdə bunlar insanlıq axtarırdılar, səmimiyyət axtarırdılar. Fikirləşirlər ki, bu boyda sənətkarlar necə sadə, səmimi davranırlar, deyib-gülürlər. Nə bizə yaltaqlanırlar, nə bizim pulumuzda gözləri var. Bunların gözü toxdur. Onların da belə münasibətə ehtiyacı var. Mənə elə gəlir, bu zərurət oradan yaranır. İş adamları, yüksək rütbəli məmurlar hərdən belə münasibətlərə, səmimiyyətə acıyırlar. Onlar da hərdən əsl həyatı arzulayırlar. Rasimlə ikimizin olduğu məclislər saatlarla davam edirdi və heç birimiz ayrılmaq istəmirdik. O, insani münasibət idi. Tək gedəndə iş adamı ilə nə danışım. Bir tikə çörəyi yeyirsən, doyursan da. Bir neçə saatı bəs necə keçirməlisən? Amma Rasimlə olanda hər şey başqa cür olurdu. Geri qayıt |