Əsas Səhifə > Güney Press > Ərdoğandan daha bir ölkə haqda anons
Ərdoğandan daha bir ölkə haqda anonsBu gün, 16:58 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə Livan Prezidenti Cozef Aun ilə birgə mətbuat konfransında demişdi ki, Türkiyə BMT sülhməramlı qüvvələrinin bu ölkədən çıxarılmasından sonra Livanın suverenliyinin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. Analitiklərin fikrincə, Livan Ankaranın Yaxın Şərqdə yaratmağa çalışdığı sülh, sabitlik və əməkdaşlıq atmosferindən ən çox faydalanacaq dövlətlər sırasındadır. Bu vəziyyət isə ən çox İsraili narahat edir. Türkiyə Suriya və Livyada etdiklərini Livan üçün də edə bilərmi? İsrailin buna cavabı necə olacaq? Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Livanın təhlükəsizliyi uzun illərdir İsrail tərəfindən təhdid olunur və ölkədə sabitlik tam təmin edilməyib: “Yaxın gələcəkdə Türkiyənin regionda aparıcı və güclü ölkəyə çevrilməsi Livanın da Türkiyəyə üstünlük verməsinə gətirib çıxara bilər. Fikrimcə, Türkiyə Liviyada və Suriyada sabitliyin bərpasında rol oynadığı kimi, Livanda da bu prosesə töhfə verə bilər. Çünki Livan Türkiyəyə coğrafi baxımdan yaxındır və o ölkənin təhlükəsizliyi Türkiyə üçün də mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, Türkiyə Yaxın Şərqdə əsas güclərdən biridir. ABŞ və Qərb də regionda Ankaraya daha böyük rol verir. Livan və Türkiyə prezidentlərinin görüşündə ABŞ-ın da müəyyən dəstəyinin olmasını istisna etmirəm. Hesab edirəm ki, Türkiyənin Livana daha fəal şəkildə daxil olması İsrailin narazılığına səbəb ola bilər. Lakin İsrailin etirazlarının bu prosesi tamamilə dəyişdirəcəyini düşünmürəm. Çünki ABŞ-ın bu məsələdə Türkiyənin regional roluna dəstək verməsi mümkündür. Ankara Livanın sabitləşməsinə gətirib çıxaracaq proseslərdə fəal iştirak edə bilər. Bunun üçün Türkiyənin həm iqtisadi, həm hərbi, həm də siyasi imkanları kifayət qədər genişdir. Prosesin Suriya üzərindən, yoxsa Türkiyənin birbaşa iştirakı ilə həyata keçiriləcəyindən asılı olmayaraq, Livanda uzun illərdir davam edən qeyri-sabitliyin aradan qaldırılması artıq regional gündəmin əsas məsələlərindən birinə çevrilə bilər. Düşünürəm ki, Livanda sabitliyin təmin olunması istiqamətində Türkiyənin daha fəal rol alması və Ərdoğanın regional siyasətinin bu istiqamətdə həyata keçirilməsi tamamilə mümkündür”. Geri qayıt |