Əsas Səhifə > Güney Press > Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər”

Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər”


Bu gün, 14:52

“Çində avtomobillərin dövlət qeydiyyat nişanlarının son rəqəmlərinə əsasən hərəkətinə məhdudiyyət qoyulması kimi praktikanın Azərbaycanda da tətbiqi müəyyən şərtlər daxilində müzakirə oluna bilər. Hüquqi baxımdan bunun üçün müvafiq normativ baza yaradılmalı, məhdudiyyətin hansı hallarda və hansı müddətə tətbiq ediləcəyi dəqiq müəyyənləşdirilməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

Deputat qeyd edib ki, Bakı şəhərində nəqliyyat probleminin həllini yalnız avtomobillərin nömrələrinə görə hərəkətinin məhdudlaşdırılmasında axtarmaq düzgün olmaz: “Bakıdakı tıxacların əsas səbəblərindən biri şəhərin həddindən artıq mərkəzləşməsidir. İş yerlərinin, dövlət qurumlarının, universitetlərin və digər böyük müəssisələrin əhəmiyyətli hissəsinin paytaxtda cəmləşməsi hər gün şəhərə böyük insan və avtomobil axını yaradır. Bu baxımdan universitetlərin mərhələli şəkildə regionlara köçürülməsi, bölgələrdə müasir ali təhsil kampuslarının yaradılması həm paytaxtın yükünü azalda, həm də regionların inkişafına ciddi töhfə verə bilər. Eyni zamanda dövlət və özəl sektorda iş saatlarının mərhələli şəkildə fərqləndirilməsi, çevik iş rejiminin genişləndirilməsi də pik saatlarda nəqliyyat sıxlığının azalmasına kömək edə bilər. Bununla yanaşı, ictimai nəqliyyatın inkişafı, metro və avtobus şəbəkəsinin genişləndirilməsi, şəhərin müxtəlif istiqamətlərində nəqliyyat axınının düzgün bölüşdürülməsi əsas prioritetlərdən olmalıdır. Bütün bu tədbirlərlə paralel olaraq nömrələr üzrə məhdudiyyət mexanizminin tətbiqinə ehtiyac yaranarsa, bunu ilk mərhələdə pilot layihə formasında müəyyən ərazilərdə və pik saatlarda sınaqdan keçirmək olar. Əsas məqsəd vətəndaşın avtomobilindən istifadə hüququnu məhdudlaşdırmaq deyil, alternativləri gücləndirməklə insanların şəxsi avtomobildən asılılığını azaltmaq olmalıdır”.


Geri qayıt