Əsas Səhifə > Güney Press > “Belə davam etsə, əhali süd tozunun ümidinə qalacaq”
“Belə davam etsə, əhali süd tozunun ümidinə qalacaq”Bu gün, 11:00 |
Fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazıdırlar.Bizimyol.info xəbər portalı Qafqazinfo ya istinadən xəbər verir ki, şikayətçilərdən biri də Füzuli rayonundan olan təsərrüfat sahibi Emin Həsənlidir. Vətəndaşın sözlərinə görə, 3 litr südə cəmi 45 qəpik ödənilir, bu isə 1 litr üçün cəmi 15 qəpik deməkdir. Fermer qeyd edib ki, bu qiymət heyvandarlıq təsərrüfatlarının xərclərini qarşılamağa imkan vermir: “Heyvanların yemlənməsi, saxlanılması, baytarlıq xidmətləri və digər xərclərin artması fonunda südün alış qiymətinin aşağı olması təsərrüfat sahiblərini çətin vəziyyətə salır. Südün bu qiymətə satılması fermer üçün sərfəli deyil. Nəticədə bəzi təsərrüfat sahibləri məhsulu satmaq əvəzinə, etiraz olaraq sağdıqları südü yerə tökürlər”. Fermer bildirir ki, südün alış qiyməti istehsala çəkilən xərclərlə uyğunlaşdırılmalıdır: “Mövcud vəziyyət davam edərsə, süd istehsalı ilə məşğul olan fermerlərin fəaliyyətini davam etdirməsi çətinləşə bilər. Bu isə gələcəkdə həm heyvandarlıq təsərrüfatlarının azalmasına, həm də yerli süd istehsalının zəifləməsinə səbəb ola bilər”. Fermerlər südün alış qiymətinin artırılmasını və problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən müvafiq addımların atılmasını gözləyirlər.
Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, hazırda bir çox xərclər südün satış qiymətindən bahadır: “Bu məsələ onu göstərir ki, bir müddət sonra bu sahə gəlirli olmadığına görə, bu fermer kimi o biri fermerlər də süd və süd məhsullarının istehsalı istiqamətində fəaliyyət göstərməyəcəklər. Çünki hazırda saxlanma xərcləri, insan əməyinə çəkilən xərclər habelə, baytarlıq, logistika, o cümlədən yem xərcləri bütövlükdə üst-üstə gəldikdə südün satış qiymətindən böyük bir rəqəm edir. Bu da fermerlərin bu istiqamətdə gəlir əldə etməsinə çox ciddi maneə yaradır”. Vüqar Oruc deyir: “Beynəlxaq təcrübədə belə bir göstərici var ki, bir çox hallarda hətta fermerin təklif etdiyi qiymətlər bazardan yüksək olduqda belə dövlət özü həmin məhsulları alır ki, fermerin fəaliyyəti üçün bir stimul olsun və fermer təsərrüfatları qorunsun. Bu xüsusi ilə ABŞ-da ən çox yayılan təcrübədir. Düşünürəm ki, Azərbaycan dövləti də bu istiqamətdə fermerlərin kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti ilə məşğul olmalarını təşviq etmək üçün müvafiq proqramlar həyata keçirməlidir. Fermerlərin istehsal etdikləri məhsul ucuz qiymətə alınmamalı, əldə olunan gəlir yalnız xərcləri ödəməklə kifayətlənməməli, onlara müəyyən qazanc da gətirməlidir. Südün maya dəyəri kifayət qədər yüksəkdir. Südün qiyməti müəyyən edilərkən onun yağlılıq dərəcəsi, mövsümi istehsal həcmi və bazardakı tələb-təklif kimi amillər nəzərə alınır. Südün bol olduğu mövsümdə qiymətlər aşağı düşür, qıtlıq olduqda isə bahalaşır. Yəni bütün bu amillər südün alış qiymətinə təsir edir”. Vüqar Oruc deyib ki, dünya bazarında süd məhsulları qiymətlərin müəyyənləşməsinə təsir göstərir: “Azərbaycan süd məhsulları bazarı hazırda daxili bazara yönəlib. Məhsullar məhdud olduğundan xarici bazara çıxarma imkanları da o qədər böyük deyil. Amma düşünürəm ki,bu istiqamətdə stimullaşdırıcı tədbirlər görülsə, dövlət fermerləri ortada daha ucuz satıb yüksək gəlir əldə etmək istəyən işbazların ümidinə buraxmasa, bu istiqamətdə fəaliyyət göstərmək fermerlər üçün maraqlı olacaq”. Vüqar Oruc vurğulayıb: “ İlk növbədə südün maya dəyəri hesablanmalıdır. Ən azı fermer üçün müəyyən divident və marja müəyyən olunmalıdır. Bu marja təqribən dünya praktikasında 30 % civarında qəbul olunur. Maya dəyərinin üzərinə 30 % marja gəlməklə süd məhsullarının satış qiymətini müəyyən etmək olar. Bu cür yanaşma fermerlər üçün də cəlbedici olar. Belə getsə çox ciddi problemlərlə üzləşəcəyik. Əhali süd tozunun ümidinə qalacaq. Bilirik ki, bu da həm keyfiyyətsiz, həm də təbii deyil”. Vüqar Oruc əlavə edib: “Bu gün süd və süd məhsulları istehsalı və emalı zavodlarında istehsal olunan bütün süd məhsullarının o cümlədən qatıq, xama bu kimi məhsulların əksəriyyəti təbi südlə deyil, məhz süd tozundan istifadə etməklə əldə edilir ki, ucuz başa gəlsin və daha çox gəlir əldə olunsun. Təkcə ucuz başa gəldiyinə görə yox, eyni zamanda ölkənin süd ehtiyatları o qədər böyük olmadığına görə, iri buynuzlu heyvandarlıq kifayə qədər inkişaf etmədiyinə görə bu istiqamətdə böyük problemlər yaşayırıq”. Geri qayıt |