“Real TV”nin baş direktoru Mirşahin Ağayev “Hamıya doğru, özünə yalan danışan - NURANİ” yazısında bunları qeyd edib:
“Həmişə hər kəsə doğrunu çatdıran Nuranimiz özünü aldatdı…Uzun müddət. Xəstəliyini gizlətdi. Əvvəl anası istəmişdi ki qızı, sevimli Tofiqəxanımı-xərçəngə tutulduğunu bilməsin. Sonra da Nurani özü inanmaq istəmişdi ki, sadəcə qostritdən əziyyət çəkir. Mədəsini aldatmışdı. Xərçəngə tutulduğunu ona sonadək demədilər. Nurani xərçəng olduğunu bilmədi”.
Jurnalistin vaxtsız ölümü və yuxarıda qeyd etdiyimiz məsələ uzun illərdir müzakirə predmeti olan bir məsələni yenidən gündəmə gətirib: ağır xəstəliyə düçar olanlara zamanında bu barədə məlumat verilməlidirmi?
Özü uzun müddətdir xərçəngdən əziyyət çəkən jurnalist Gülşən Şərif hesab edir ki, insanın xəstəliyinin ondan gizlədilməsi doğru deyil:
“Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) mədə xərçəngindən əziyyət çəkirdi. Ancaq son anına kimi özü bunu bilmədi. Çünki özünə deyilmədi xəstəliyi. Onkoloji xəstələrə qarşı bu cür yanaşmanın tərəfdarı deyiləm. İnsanın hansı xəstəliklə, nəylə mübarizə apardığını bilmək haqqı var. Biz də anamın xəstəliyini ona bildirməmişdik. Son anına kimi bilmədi. İndi deyirəm, kaş bilərdi. Kaş gizlətməzdik. Yaxşılıq düşüncəsiylə atılan hər addım yaxşı iş sayılmır. Bəlkə də insan xəstəliyini bilsə, mübarizəsində daha güclü olur? Xəstəliyi heç kim arzulamır, amma gəlibsə, utanılası bir şey deyil...Ağır, amma dərs çıxarılası bir sınaqdır.
Özüm səhhətimlə bağlı 1 aylıq müxtəlif analizlərin son nəticəsi olaraq, həkimimdən xahiş etmişdim ki, mənə düzünü desin. Bilirəm, bu, həkim üçün də ağırdı. Çox sağ olsun, gizlətmədi. Bir saatdan bəlkə də çox telefon danışığımız oldu. Psixoloji çökmüşdüm, amma məni ayağa qaldıran da elə həkimim olmuşdu. Yəni, insan övladı ən ağır acını belə qəbul edə bilir. Ona görə insanlardan xəstəliyi gizlədilməməlidir.
4-cü mərhələdən belə sağalananlar var. Bəlkə Tofiqəxanım xanım da xəstəliyini bilsə, xəstəliyinə yanaşması daha fərqli olardı. Bütün mübarizələrdə psixoloji yanaşma da çox vacibdir”.
Milli Məclisin deputatı, məşhur ürək cərrahı Rəşad Mahmudov Ölkə.az-a bildirib ki, ümumi tibbi prinsip baxımından xəstənin öz diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, müalicə imkanları və proqnozu barədə məlumat almaq hüququ var.
“Xüsusilə xərçəng kimi ağır xəstəliklərdə diaqnozun xəstədən gizlədilməsi müasir tibbi etikanın əsas yanaşması hesab edilmir”, - həkim vurğulayıb.
Onun sözlərinə görə, burada çox həssas bir məqam da var: “Həqiqəti demək başqa, ümidi xəstənin əlindən almaq başqadır. Həkimin vəzifəsi məlumatı xəstənin psixoloji vəziyyətini, məlumatı qəbul etmə qabiliyyətini və xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, mərhələli, doğru və mümkün qədər həssas şəkildə çatdırmaqdır. “Sağalma ehtimalı azdır” ifadəsi də “heç bir ümid yoxdur” demək deyil. Müalicənin məqsədi bəzən sağaltmaq, bəzən xəstəliyin gedişini ləngitmək, bəzən isə ömrü uzatmaq və həyat keyfiyyətini qorumaq olur”.
R.Mahmudov hesab edir ki, bəzən ailələr xəstəni qorumaq məqsədilə diaqnozun ona bildirilməməsini həkimdən xahiş edirlər: “Bunun arxasında insani və başadüşülən narahatlıq dayansa da, xəstə özü məlumat almaq istəyirsə və qərarvermə qabiliyyətinə malikdirsə, onun öz sağlamlığı barədə həqiqəti bilməsi, müalicə qərarlarında iştirak etməsi əsas prinsip olmalıdır. Yəni məsələ “xərçəng diaqnozu xəstəyə deyilməlidir, yoxsa deyilməməlidir?” qədər sadə deyil. Əsas məsələ doğru məlumatın doğru zamanda, doğru formada və insanın ümidini məhv etmədən çatdırılmasıdır. Bu, tibbin həm etik, həm də ən insani tərəflərindən biridir”.
Bəs Azərbaycan qanunvericiliyi nə deyir?
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev saytımıza deyib ki, qaldırılan məsələ çox aktualdır: “Bu, təkcə tibbi deontologiya və etika məsələsi deyil, həm də insan haqları məsələsidir. Sovet təbabətində uzun illər bir müqəddəs yalan anlayışı var idi: xəstənin vəziyyətinin ağırlaşmaması, onun emosional halının pisləşməməsi, depressiyaya düşməməsi və sair məqsədlərlə pasiyentə xəstəliyin diaqnozu və proqnozu bildirilmirdi. Amma dünya təbabəti bu yanaşmanı qəbul etmir. Azərbaycanda da səhiyyə sahəsində çərçivə qanunu hesab olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda da bütöv bir fəsil pasiyentin hüquqlarına həsr olunub. Burada pasiyentin hansı hüquqlara malik olması, o cümlədən öz xəstəliyi, xəstəliyin diaqonozu, gedişatı ona tətbiq olunan müalicə üsulları, nəticəsi, proqnozu barədə hərtərəfli məlumat alma hüququ əksini tapıb”.
Əməkdar jurnalist Nurani ilə bağlı məsələyə gəldikdə isə komitə sədri söyləyib ki, əgər fakt doğrudursa, o zaman mərhumun hüquqları pozulub:
“Belə hallarda əsasən ailə üzvləri, yaxınları həkimdən xahiş edirlər ki, xəstəyə konkret diaqnozu deyilməsin, amma bu yanlışdır”, - M.Quliyev vurğulayıb.
Komitə sədri hesab edir ki, bu, həm qanunun, həm də tibbi etikanın pozulmasıdır: “Hər kəsin öz xəstəliyinin konkret diaqnozu, gedişatı və proqnozu barədə məlumat almaq hüququ vardı. Çünki xəstə bilməlidir ki, nə qədər ömrü qalıb, onun nə qədər hissəsi aktiv ömür olacaq və buna görə də planlar qurub, onu reallaşdırmaldıır. Yarımçıq qalan işlərini, elmi əsərlərini, məqalələrini, digər yazılarını necə bitrsin, kreditlərini, borclarını qaytarsın. Vəsiyyəti varsa, onu zamanında və ayıq başla edə bilsin. Ona görə də hesab edirəm ki, Səhiyyə Nazirliyi, TƏBİB bununla bağlı tibb işçiləri arasında lazımi maariflərndirmə işləri aparmalıdır.
Mən də pasiyentə xəstəliyinin diaqnozu, proqnozu barədə əvvəlcədən məlumat verilməsinin tərəfdarıyam. Qanun da bunu tələb edir. Praktika da onu göstərir ki, onkoloji və digər ağır diaqnozu olan xəstələr tədricən buna alışır, taleləri ilə barışırlar”.
Mürtəza - olke.az