Əsas Səhifə > Güney Press > Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib
Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlibBu gün, 13:41 |
|
Azərbaycan–Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir. Məhz bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə sürətlə inkişaf edərək ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlib. Prezident İlham Əliyev də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bu münasibətlərin məhz ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykəndiyini xüsusi vurğulayıb.
Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinə başlaması bu münasibətlərin artıq hansı səviyyəyə çatdığını bir daha nümayiş etdirdi.
Azərbaycan və Özbəkistan türk dünyasının iki böyük mədəniyyət mərkəzidir. Bir tərəfdə Nizami, Füzuli, Nəsimi kimi böyük Azərbaycan mütəfəkkirlərinin irsi, digər tərəfdə Əlişir Nəvai, Mirzə Uluqbəy və Əmir Teymur kimi tarixi şəxsiyyətlərin qoyduğu zəngin irs var. Bu mədəniyyətlər əsrlər boyu bir-birindən bəhrələnib, bir-birini tamamlayıb. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksəlişi əslində tarixi bağlılığın müasir dövlətçilik siyasəti ilə yenidən ifadəsidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı hörmət və etimadın xüsusi rolu var. Bu, çox mühüm amildir. Çünki dövlətlər arasında müqavilələr və sənədlər münasibətlərin hüquqi bazasını yaradır, lakin onların davamlı və effektiv həyata keçirilməsi siyasi iradə tələb edir.
Son illərdə Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərlərinin intensivliyi də bu siyasi iradənin göstəricisidir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Deməli, bugünkü səmimiyyətin arxasında konkret siyasi sənədlər, konkret razılaşmalar və ardıcıl dövlət siyasəti dayanır.
Azərbaycan–Özbəkistan münasibətlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri də iki ölkənin yalnız ikitərəfli formatda deyil, beynəlxalq platformalarda da bir-birinə yaxın mövqedən çıxış etməsidir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalarda əməkdaşlıq iki ölkənin siyasi dialoqunu daha geniş müstəviyə çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri ona görə mühümdür ki, bu səfər artıq münasibətlərin formalaşdırılması mərhələsinə deyil, əldə edilmiş müttəfiqliyin daha da dərinləşdirilməsi mərhələsinə təsadüf edir.
Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlərin hüquqi bazası var, siyasi etimad var, iqtisadi layihələr var, beynəlxalq platformalarda qarşılıqlı dəstək var, liderlər arasında səmimi münasibət var və ən əsası – xalqlar arasında tarixi bağlılıq var.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt |