Əsas Səhifə > Güney Press / Ana xəbər > Psaki Əliyevə qarşı: ABŞ rəsmi Bakının “davakar bəyanatları” haqda...

Psaki Əliyevə qarşı: ABŞ rəsmi Bakının “davakar bəyanatları” haqda...


3-07-2014, 12:10
Psaki Əliyevə qarşı: ABŞ rəsmi Bakının “davakar bəyanatları” haqda...
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceyn Psaki erməni jurnalistin sualı əsasında Azərbaycan prezidentinin Qarabağ bəyanatlarını növbəti dəfə tənqid edən açıqlama verib.

Virtualaz.org saytı xəbər verir ki, Dövlət Departamentində akkreditə olunmuş erməni jurnalist Ceyn Psakidən “Azərbaycan prezidenti İlham Əliyevin Qarabağa dair davakar bəyanatlarına və Azərbaycan ordusu tərəfindən Ermənistanın sərhədyanı kəndlərinin atəşə tutulmasına” münasibət bildirməyi istəyib.

Dövlət Departamentinin rəsmisi cavabında deyib: “Həmsədr ölkə kimi biz hər iki tərəfə münaqişənin dinc yolla nizamlanmasında kömək etmək öhdəliklərimizə sadiq qalırıq. Davakar bəyanat və çağırışlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına mane olur”.

C.Psaki daha sonra Ermənistan və Azərbaycan prezidentlərini “döyüşkən ritorikadan çəkinməyə və mümkün qədər tez zamanda” Parisdə görüşməklə bağlı Fransa rəhbərinin dəvətini qəbul etməyə çağırıb.

“Biz tərəfləri danışıqlar masası arxasında səyləri artırmağa və diqqəti regiona sülh gətirəcək məqamlara yönəltməyə çağırırıq” - Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtondakı brifinqdə bildirib.

Qeyd edək ki, bundan əvvəl də Ceyn Psaki erməni jurnalistin istəyi ilə Azərbaycan prezidentinin Qarabağ bəyanatlarına şərh verib rəsmi Bakını dolayısıyla “təxribatda” günahlandırmışdı. C.Psaki Ukrayna məsələsi ilə bağlı anti-Rusiya bəyanatları ilə məşhurdur.

Lakin o, keçirdiyi brifinqlər zamanı dəfələrlə çaşıb, yaxud şərh etdiyi mövzu ilə bağlı kifayət qədər məlumatlı olmadığını nümayiş etdirib. Məsələn, o, Rusiyanın Ukraynaya qaz nəqlini dayandırmaq təhdidləri ilə bağlı danışarkən təbii qazın “Avropadan Ukraynaya nəql edildiyini” deyib.

Rusiya mediası və rəsmiləri C.Psakinin bəyanatlarını istehza hədəfinə çeviriblər. Onun barəsində “Psaking” ifadəsi də məşhurlaşıb.

İndiki halda xanım Psaki Dağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiyaya da yaxşı bələd olmadığını nümayiş etdirib. Əgər o, situasiyaya bələd olsaydı, onda bilərdi ki, Ermənistan ordusu Azərbaycanın sərhədyanı kəndlərini hər gün intensiv atəş altında saxlayır və son iki həftə ərzində azı üç mülki sakinin yaralanmasına səbəb olub.

Yaxud torpaqları işğal edilmiş ölkənin rəhbərini “davakar bəyanatlar” verməkdə günahlandırmaq əvəzinə başqa ölkənin ərazilərini işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının vacibliyini vurğulamaq daha düzgün olmazdımı?

Geri qayıt