Əsas Səhifə > Güney Press > Bakıda qol saatına görə QAN TÖKÜLDÜ:

Bakıda qol saatına görə QAN TÖKÜLDÜ:


Bu gün, 15:08

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Azad Əliyevin ifadəsi ilə davam edib:

"Röyalla eyni kənddənik, qohumu, qardaşım oğlunun kirvəsidir. Mənim onu vurmaq, zərər vermək kimi niyyətim yox idi. Baş verən hadisə vaxtı anlaqsız vəziyyətdə olmuşam. Röyalın saatı çox xoşuma gəlmişdi. Ondan xahiş etdim ki, saatı bir neçə günlüyünə versin, taxıb gözümün qurdunu öldürüm. Sağ olsun, verdi. Saat haradasa, 10-15 gün məndə qaldı. Mənim onu qaytarmamaq kimi bir niyyətim yox idi. Amma telefonla danışıb saatını geri istəyəndə məni hirsləndirib qıcıqlandırdı, burada demək istəmədiyim söyüşlər söydü mənə. Ağlım başımdan çıxdı. Mən psixoloji müalicə alıram, ehtiyyatsız deyilən hər hansı söz dərhal əsəblərimə toxunur. Saatı dərhal gətirməyimi tələb elədi. Ona saatını gətirəcəyimi bildirdim. Röyal məni Kürdəxanıdakı evlərinə çağırdı, ora yollandım. Zəng edib çölə çıxmasını istədim. Röyal evdən çıxdı. Elə çıxan kimi mübahisəyə başladıq. Üzərimdə bıçaq vardı. Mən aqlay ustasıyam, işdə də o bıçaqdan yapışdırıcını qarışdırmaq üçün istifadə edirdim. Bıçağı çıxarıb onun böyründən iki dəfə vurdum. Röyal mənə əl-qol atmadı, amma söyməyə başladı. Bu zaman evdən bir adam çıxdı, Röyalı qan apardığını görüb oradan uzaqlaşdım. Bıçağı qayıdanda yola tulladım".

Zərərçəkən Röyal Mustafayev hadisənin qol saatına görə baş verdiyini deyib:

"Saat hədiyyə idi. Amma Azad gəlib onu müvəqqəti istəyəndə etiraz eləmədim. Saatı ona tapşırdığım vaxtda qaytarmadı, hər dəfə müxtəlif bəhanələr gətirirdi. Telefonda saatımı ondan tələb edəndə əsəblərimizi cilovlaya bilməyib bir-birimizi söydük. Düşünmədim ki, mənə bıçaq çəkə bilər. Azadı evin qabağında qarşılayanda gördüm ki, onun başı üstündə deyil. Mübahisə vaxtı onun yaxasından yapışıb silkələdim, çəkişdik. Qan məni aparan vaxt, dayım evdən çölə çıxan kimi Azad qaçdı. Mən bilsəydim ki, o, bıçaqla gələcək, evdən tək çıxmazdım. Şikayətim yoxdur, barışmışıq. Müalicə vaxtı xərclərimə kimi kömək etdi".

Növbəti proses 4 sentyabr saat 10:00-a təyin edilib.

Xatırladaq ki, hadisə bu il yanvarın 15-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsi ərazisində baş verib. Azad Əliyev Röyal Mustafayevin qohumları ilə birlikdə yaşadığı evin qarşısına gəlib onu həyətə çağıraraq, mübahisə edib. Mübahisə vaxtı A.Əliyev cibindən çıxardığı bıçaqla Mustafayevin böyründən iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Azad Əliyev Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.


Geri qayıt