Əsas Səhifə > Güney Press > Erməni məhbuslar Bakıda DƏRS ALIR:
Erməni məhbuslar Bakıda DƏRS ALIR:Bu gün, 15:00 |
|
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda saxlanılan ermənilərə konsulluq səfərinin təşkili ilə bağlı üçüncü, neytral ölkəyə müraciət etdiyini açıqlayıb. Bu barədə Ermənistan XİN məlumat yayıb. Nazirlik hansı ölkəyə müraciət edildiyini açıqlamayıb. XİN bildirib ki, Azərbaycanda saxlanılan şəxslərə baş çəkilməsi məsələsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə də mütəmadi müzakirələr aparılır. Ermənistan tərəfinin məlumatına görə, 2026-cı ildə BQXK bu şəxslərə baş çəkmək üçün müvafiq icazə ala bilməyib. Nazirlik qeyd edib ki, Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılması məsələsi Ermənistan hökumətinin daim diqqət mərkəzindədir. Məlumata görə, iyulun 8-də Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub göndərərək beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya getmək niyyətində olduğunu bildirmişdi. Avqustun 20-də Zonabend və erməni məhbusların Avropa İnsan Hüquqları Məhkəməsində maraqlarını təmsil edən Siranuyş Saakyan Ermənistan XİN-in İnsan Hüquqları və Humanitar Məsələlər İdarəsinin, məhbuslar, girovlar və itkin düşmüş şəxslərlə bağlı idarələrarası komissiyanın, eləcə də ombudsman aparatının nümayəndələri ilə görüşüblər. Siyasi ekspertlər hesab edir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda saxlanılan şəxslərə baş çəkmək üçün neytral bir ölkəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət etməsi İrəvanın həm daxili, həm də xarici siyasətdə güddüyü konkret maraqlardan xəbər verir. Paşinyan hakimiyyəti bir tərəfdən revanşist müxalifətin və Qarabağdan gələn ermənilərin sosial narazılığını idarə etməyə çalışırsa, digər tərəfdən bu mövzunu beynəlmiləlləşdirərək sülh prosesi öncəsi Bakıya qarşı əlavə siyasi təzyiq rıçağı yaratmaq niyyətindədir. Lakin Beynəlxalq Qızıl Xaç Komitəsinin siyasiləşməsi səbəbilə bu qurumla əməkdaşlığı dayandıran Azərbaycan dövləti üçün saxlanılan şəxslərin hüquqları ölkə qanunvericiliyi və Ombudsman monitorinqi çərçivəsində tam təmin olunur və Bakı öz suverenliyinə zidd olan heç bir kənar konsulluq müdaxiləsinə imkan verməyəcək. Mövzunu Sherg.az-a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ermənistandakı ictimai-siyasi vəziyyətin stabil olmadığını deyib. Ermənistanda güclü müxalifətin olduğunu vurğulayan hüquq müdafiəçisi qeyd edib ki, revanşist qüvvələrin böyük hissəsi məhz müxalifət düşərgəsində cəmləşib: "Cəmiyyətin müəyyən təbəqəsi bu qüvvələrin təsiri altındadır. Müxalifətin ritorikasında yenidən müharibəyə çağırışlar, ərazi iddiaları və revanşist fikirlər ön plana çıxır. Bu, revanşist müxalifətin əlində bir silahdır. Sosial bazalarını bu vasitə ilə genişləndirməyə çalışırlar. Qarabağdan könüllü şəkildə getmiş ermənilərin Ermənistanda yaşayan qohumları, yaxınları və tanışları da yaranmış vəziyyətdən narazıdırlar və müxalifət bu narazılıqdan da siyasi məqsədləri üçün istifadə etməyə cəhd edir. Əslində özlərindən narazı olmalıdırlar, çünkü müharibəni uduzdular, müharibəni onlar başladılar və sonluğu da onlar üçün çox pis nəticələrlə qurtardı". Çingiz Qənizadənin sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələni gündəmdə saxlamasının əsas səbəblərindən biri ölkədəki narazı kütləni müəyyən qədər sakitləşdirmək və hakimiyyətin də bu məsələdə maraqlı olduğunu göstərməkdir: “Onlar, eyni zamanda, Qarabağdan getmiş ermənilərin geri qaytarılması məsələsini gündəmdə saxlamaqla öz sosial bazalarını genişləndirməyə çalışırlar. Çünki narazı sosial bazanın böyük hissəsinin yenidən siyasi hakimiyyətin yanında olmasını istəyirlər. Yəni burada iki məqam var: birincisi, öz sosial bazalarını genişləndirmək, ikincisi isə narazı və müxalifətçi qüvvələri müəyyən qədər sakitləşdirmək”. Üçüncü ölkəyə müraciət məsələsinə gəldikdə isə hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan diplomatik münasibətlərin qurulması mümkün deyil: "Diplomatik münasibətlər olmadığı halda isə konsulluq əlaqələri də mövcud deyil. Belə vəziyyətdə Ermənistan beynəlxalq təşkilatlara müraciət edə bilər". Hüquq müdafiəçisi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətinin dayandırılmasına da toxunub. O bildirib ki, Komitə müəyyən siyasi dairələrin təsiri altında fəaliyyət göstərib və humanitar missiyasından kənara çıxaraq siyasi alətə çevrilib: “Onlar haqqın yanında ola bilmədilər və Azərbaycanda fəaliyyətlərini dayandıraraq, daha doğrusu, bizim istəyimizə uyğun şəkildə ölkəni tərk etdilər. Azərbaycan dövləti bu qurumla əməkdaşlıqda maraqlı olmadığını bildirdi və onlar da haqlı olaraq ölkəni tərk edib getdilər. Bu baxımdan, Beynəlxalq Qırmızı Xaçın hansısa bir 2026-cı il üçün müraciət edərək müvafiq izahat ala bilməməsi təbii haldır. Azərbaycan hələlik onlarla əməkdaşlıq hələlik etmək niyyətində deyil". Çingiz Qənizadənin sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin bu prosesə ölkədəki siyasi və hüquqi reallıqları nəzərə alaraq mərhələli şəkildə gedir. O bildirib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və bununla bağlı referendum keçirilməsi zərurəti var. Parlamentdə referendum məsələsini həll etmək üçün tələb olunan səs çoxluğunun əldə olunmaması da prosesi müəyyən qədər çətinləşdirir: " Son dövrlərdə Baş nazir Nikol Paşinyanın bəzi bəyanatları Ermənistanın Qarabağla bağlı mövqeyində dəyişikliklərin baş verdiyini göstərir. Paşinyan real vəziyyətə qiymət verilməsinin, xəyallardan və Qarabağla bağlı arzularından imtina edilərək real Ermənistanın inkişafına fokuslanmağın vacibliyini vurğulayır. Paşinyanın son bəyanatlarından biri də kifayət qədər maraqlı idi. O bildirdi ki, dağıdıcı iddialarla, başqa ölkələrin ərazilərinə iddia etməklə yaşamaq əvəzinə, artıq real Ermənistanın idarəçiliyinə və normal inkişafına diqqət yetirmək niyyətindədir. Bunun altında ciddi siyasi maraqlar dayanır. Yəni Qarabağ məsələsinin Ermənistan üçün artıq geridə qaldığı, digər dövlətlərin ərazilərinə dair iddialardan imtina edilməli olduğu və ölkənin mövcud reallıqları üzərində çalışaraq onu inkişaf etdirməyin vacibliyi mesajı verilir. Onu da deyim ki, Azərbaycanın Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar və Zəngəzur dəhlizi ilə bağlı İrəvandan səslənən daha müsbət və xoşməramlı ifadələr də Ermənistanın sülh müqaviləsinə doğru getmək niyyətini göstərir. Ermənistan ölkədəki siyasi reallıqları nəzərə alaraq bu prosesə mərhələli şəkildə yanaşır və nəticə etibarilə sülh müqaviləsinin imzalanması mümkündür. Bundan sonra Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması məsələsi də gündəmə gələ bilər. Amma üçüncü ölkədən onların konsulluq xətti ilə bu saxlanılan, barələrində hökm çıxarılmış bu cinayətkar, separatçı rejimin rəhbərləri ilə ünsiyyət saxlamaq, görüşməyə Azərbaycan də icazə verməyəcək. Onlar normal ailələri ilə telefon danışıqları edirlər və heç bir problem yoxdur. Saxlanma şəraitləri normaldır. Ombudsman səfər edir, onların saxlanma şəraiti ilə bağlı Səbinə xanım və onun komandası tez-tez ictimaiyyətə açıqlamalar verirlər. Belə olan halda üçüncü ölkənin vasitəsilə hansısa konsulluq əməkdaşının gəlib onlarla görüşməsinin nə kimi yeni nəticə verəcəyi də aydın deyil. Ona görə də hesab edirəm ki, konsulluq əməkdaşının onlara baş çəkməsinə ciddi ehtiyac yoxdur”. Ç. Qənizadə qeyd edib ki, bütün bu məsələlərdə Azərbaycanın xarici siyasətini həyata keçirən dövlət başçısının mövqeyi həlledicidir. Onun sözlərinə görə, Prezidentin bu məsələyə münasibəti də Azərbaycan xalqının və dövlətin milli maraqları çərçivəsində formalaşacaq: “Cənab Prezident belə məsələlərdə hər zaman milli və dövlət maraqlarını əsas götürür. Hesab edirəm ki, gələcəkdə bu məsələyə münasibət bildirərkən də ilk növbədə Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edəcək”. Geri qayıt |