Əsas Səhifə > Güney Press > ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQBu gün, 12:19 |
|
ABŞ Dövlət Departamenti bölgədəki gərginliyin artması səbəbindən Yaxın Şərq və Misir də daxil 10 ölkəyə səyahətlərlə bağlı xəbərdarlıq edib. Dövlət Departamenti, gərginliyin daha da artacağı təqdirdə ABŞ vətəndaşlarını ölkəni tərk etməyə hazır olmağa çağırıb. Departamentin səfirliklər vasitəsilə bağlı yaydığı yazılı açıqlamalarda Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin "mürəkkəb olaraq qaldığı" bildirilir. Açıqlamada bölgədəki ABŞ vətəndaşları ehtiyatlı və sayıq olmağa, mümkün uçuşların ləğvinə, hava məkanının müvəqqəti bağlanmasına və səyahətlərdə yarana biləcək pozuntulara hazır olmağa çağırılıb. Azərbaycan üçün narahatlıqlar varmı? Hadisələr qonşuluqda baş verdiyinə görə təhlükəsizliklə bağlı nə kimi yeni hazırlıqlar görməyi zəruri edir? AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Musavat.com-a açıqlamasında Azərbaycanın prosesləri yaxından izləməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq regionda artan geosiyasi risklərin göstəricisidir. Mütəxəssis hesab edir ki, bu xəbərdarlıq bütövlükdə regionda təhlükəsizlik mühitinin dəyişdiyini göstərir. R.Bayramovun fikrincə, Azərbaycanın vəziyyəti diqqətlə izləməsi və mümkün riskləri əvvəlcədən qiymətləndirməsi zəruridir. Onun bildirdiyinə görə, Azərbaycan Yaxın Şərq ölkəsi olmasa da, strateji-coğrafi mövqeyi və region dövlətləri ilə sıx əlaqələri səbəbindən baş verən proseslərdən dolayısı ilə təsirlənə bilər. “Xüsusilə İranla uzun dövlət sərhədinin mövcudluğu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi və Xəzər hövzəsinin enerji infrastrukturu ölkənin təhlükəsizlik planlaşdırılmasında regional hadisələrin nəzərə alınmasını zəruri edir. Bununla belə, mövcud şərait Azərbaycan üçün birbaşa hərbi təhlükənin yarandığını söyləməyə əsas vermir. Real risklər əsasən dolayı təsirlərdən ibarətdir. Bunlara logistika marşrutlarında mümkün ləngimələr, hava məkanında məhdudiyyətlər, beynəlxalq ticarət zəncirlərində fasilələr, enerji bazarlarında qiymət dəyişkənliyi və regional iqtisadi qeyri-müəyyənliyin artması daxildir. Eyni zamanda, gərginliyin dərinləşməsi humanitar məsələlərə, o cümlədən miqrasiya axınlarına səbəb ola bilər ki, bu da heç bir halda maraqlarımıza cavab vermir”,_ deyə AMİP funksioneri vurğulayıb. R.Bayramov düşünür ki, belə şəraitdə Azərbaycanın əsas prioriteti preventiv təhlükəsizlik tədbirlərinin gücləndirilməsi olmalıdır: “Dövlət qurumları sərhəd təhlükəsizliyinin, hava məkanına nəzarətin və kritik infrastrukturun mühafizəsinin davamlı şəkildə qiymətləndirilməsini təmin etməli, müxtəlif ssenarilər üzrə hazırlıq planlarını yeniləməlidirlər. Eyni zamanda, diplomatik kanallar vasitəsilə qonşu və tərəfdaş ölkələrlə informasiya mübadiləsinin intensivləşdirilməsi, regional proseslərin operativ monitorinqi və vətəndaşların xarici ölkələrdə təhlükəsizliyi ilə bağlı konsulluq fəaliyyətinin koordinasiyası xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasət kursu bu baxımdan mühüm üstünlük yaradır. Rəsmi Bakı müxtəlif regional və qlobal aktorlarla balanslaşdırılmış münasibətlər saxlayır, gərginliyin dialoq yolu ilə həllini dəstəkləyir və hərbi qarşıdurmalardan kənarda qalmağa çalışır. Bu siyasət ölkənin regional sabitliyin qorunmasına yönəlmiş mövqeyini gücləndirir və potensial risklərin idarə olunmasına əlavə imkanlar yaradır”. Musavat.com Geri qayıt |