Əsas Səhifə > Güney Press > Ermənistanda deputatın döyülən qardaşı ilə bağlı yeni qalmaqal

Ermənistanda deputatın döyülən qardaşı ilə bağlı yeni qalmaqal


Bu gün, 17:49

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Ayk Koncoryanın qardaşı Avet Koncoryan ətrafında qalmaqal davam edir. Bu dəfə onun özünün hərəkətlərinin araşdırılması tələb olunur.

Musavat.com xəbər verir ki, “Məlumatlı Vətəndaşlar İttifaqı” İctimai Təşkilatının rəhbəri Daniel İoannisyan Baş Prokurorluğa mümkün xuliqanlıq faktı ilə bağlı müraciət edib.

Söhbət Avet Koncoryanın avtomobildən küçədə seksual xarakterli nalayiq ifadələr səsləndirməsini əks etdirdiyi bildirilən görüntülərdən gedir.

İoannisyan bildirib ki, təşkilat Koncoryanın döyülməsini pisləsə də, onun küçədə nalayiq ifadələr səsləndirməsini də qəbuledilməz hesab edir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları döyülmə faktını artıq araşdırır, lakin Koncoryanın özünün mümkün xuliqanlığı ilə bağlı araşdırma aparıldığı məlum deyil.

QHT rəhbəri xüsusilə vurğulayıb ki, Avet Koncoryanın qardaşının yüksək vəzifəli hakim partiya nümayəndəsi olması hüquq-mühafizə orqanlarının bu epizoda göz yuma biləcəyi ilə bağlı şübhələr yaradır. Buna görə də məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi müraciət edilib.


Geri qayıt