Əsas Səhifə > Güney Press > Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir

Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir


Bu gün, 16:22

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumda yeni sədr seçkisi ilə bağlı yaranmış vəziyyət ətrafında müzakirələr davam edir.

Manset.az xəbər verir ki, AKİ-nin bir qrup tanınmış kino xadimi birgə bəyanat yayaraq, seçki prosesi, İttifaqın idarə olunması və maliyyə fəaliyyəti ilə bağlı mövqelərini açıqlayıblar. Bəyanatda bildirilir ki, mərhum sədr Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir. Sənəddə qeyd olunur ki, İttifaqın “icraçı katibi” Əli İsa Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı ilə keçirilən toplantıda özünü sədr elan etsə də, sonradan Ədliyyə Nazirliyi həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyini, kvorumun təmin olunmadığını və digər prosedur pozuntularının olduğunu müəyyən edib.

Manset.az sözügedən bəyanatı təqdim edir:

"Azərbaycan Respublikasının Hesablama Palatası İttifaqın maliyyə fəaliyyətini araşdıran zaman sədr səlahiyyətlərini mənimsədiyi bildirilən “icraçı katib”in rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən AKİ-yə ayrılmış vəsaitlərin bir hissəsi İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərcləndiyi üzə çıxıb. Hesablama Palatasının təqdim etdiyi arayışda konkret faktlar əsasında dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə istifadə olunmadığı və digər məqsədlərə yönəldildiyi göstərilib.

Bütün bunlarla əlaqədar 14.07.2026-cı ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, Katibliyin üzvləri, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar artistlər, rejissorlar, ssenaristlər, operatorlar, kinoşünaslar və İttifaqın digər nüfuzlu üzvlərinin iştirakı ilə geniş toplantı keçirilib. Aparılan müzakirələrin yekununda iştirakçılar yekdilliklə qərara alınıb ki, “icraçı katib” Əli İsa Cabbarovun qanunvericiliyin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin tələblərinə zidd hesab edilən hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Odur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılması və qanuni tədbirlərin görülməsi xahiş olunub.

Təəssüflə qeyd edirik ki, “icraçı katib” və bir neçə tərəfdarı yenə də proseslərdən nəticə çıxartmayaraq, dövlət qurumlarının rəyini qəbul etmir, Hesablama Palatasının araşdırmasının əhəmiyyətini inkar edir, təcrübəli kino xadimlərinin və ziyalıların çağırışlarını nəzərə almır və yenidən hüquqazidd cəhdlərini davam etdirirlər. Onların sosial mediada mütəmadi olaraq qarşı tərəfə ünvanlanmış qeyri-etik, təhqiramiz yayımları, təcili sədr seçkisilərinin vaxtını təyin etmək üçün 30 iyul 2026-cı il tarixinə AKİ İdarə Heyətinin iclasını çağırmaq təşəbbüsləri və s. belə cəhdlərdəndir.

Bir daha bəyan edirik ki, hazırda məsələ ilə bağlı müvafiq dövlət hüquq-mühafizə orqanlarında zəruri araşdırmaların aparıldığı bir vaxtda parallel olaraq AKİ İdarə Heyətinin iclasının çağırılması, lazımi hazırlıq işləri aparılmadan tələm-tələsik sədr seçkisi üçün ümumi yığıncağın vaxtının təyin olunması məqbul deyildir. Odur ki, cinayət tərkibli əməlləri şübhə doğurduğu üçün istintaqı aparılan tərəflə birlikdə heç bir ümumi toplantıya qatılmayacağımızı, o cümlədən təyin etdikləri İH-nin iclasında iştirak etməyəcəyimizi qətiyyətlə bildiririk.

Bəyan edirik ki, yalnız baş vermiş hallara hüquqi qiymət veriləndən, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq nəticələri barədə qanuni tədbirlər görüləndən sonra, təxminən payız aylarında sədr seçkisi mövzusuna qayıtmağı doğru hesab edirik".

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı il tarixində vəfat etməsindən sonra İttifaqa yeni sədrin seçilməsi zərurəti yaranıb. Seçkilər ərəfəsində qurumun yaradıcılıq fəaliyyəti, maliyyə vəziyyəti və digər mühüm məsələlərin kino ictimaiyyəti və seçicilər üçün xüsusi əhəmiyyət daşıdığı bildirilmiş, AKİ-nin bir qrup tanınmış kino xadimi və ziyalıları birgə bəyanat yayaraq aidiyyəti dövlət qurumlarından seçki prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın Nizamnaməsinə uyğun, şəffaf və obyektiv şəkildə keçirilməsinə dəstək göstərilməsini xahiş etmişdilər.


Geri qayıt