Əsas Səhifə > Güney Press > "Guya oğullarını öldürüb qurban kəsmişik"
"Guya oğullarını öldürüb qurban kəsmişik"Bu gün, 17:36 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid N.T təqsirləndirilənlərin onun yaxın qohumu olduğunu bildirib: "Hadisədən bir gün qabaq qurban kəsilmişdi. Ailəlikcə toplaşıb qurban ətini bişirib yedik. Sonra həyat yoldaşım E-ə zəng elədim ki, gəl, bizi apar. Səhər evimə qayıdanda baldızım X.P zəng elədi ki, tez özünü bizə çatdır. Gəldik ki, Gülnar qapı ağzında ağlayırdı, gözü göyərmişdi. Nə baş verdiyini soruşdum, cavab vermədi. Öz-özünə danışırdı ki, Elşən adam öldürdü, getdi izahat verməyə. Çox keçmədən hay-küy düşdü, polis gəldi. Şahid X.P bildirib ki, Gülnar Müzəffərova və Qasım Xankişiyevin anasıdır: "Mən bilsəydim, özümü qabağa verərdim, iş bu həddə gəlib çatmazdı. Deyirlər ki, guya oğullarını öldürüb qurban kəsmişik - yalandır. İnsan allahla, vicdanla danışar. Mənim illər sonra nəvəm dünyaya gəlmişdi, ona görə qurban kəsmişdik. Həmin gün polis evə gələndə Gülnar polisə dedi ki, qonşum Səxavət namusuma toxunduğuna görə Elşənlə birlikdə onu öldürmüşəm. Polis də Gülnara baxıb dedi ki, sən heç adam öldürənə oxşamırsan". Növbəti proses 11 sentyabr saat 11:30-a təyin olunub. Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətdə basdırılıb. Qətli törətməkdə şübhəli bilinən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Geri qayıt |