Əsas Səhifə > Güney Press / Reklam > YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər

YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər


Bu gün, 17:29

YAP Azərbaycan Nizami Rayon Təşkilatının Yay Məktəbi layihəsi çərçivəsində 33 nəfərlik nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infotur və seminarda iştirak edib.
Tədbirin məqsədi gəncləri Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti, biznes istiqamətləri, istehsal imkanları, korporativ dəyərləri və karyera perspektivləri ilə yaxından tanış etmək, onlarda müasir biznes mühiti barədə praktiki təsəvvür formalaşdırmaq olub.
Qonaqları salamlayan Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiya Direktoru Sənubər Nəzərova iştirakçılara şirkətin inkişaf yolu, fəaliyyət istiqamətləri, korporativ dəyərləri və insan kapitalının inkişafına verdiyi önəm barədə geniş təqdimatla çıxış edib.
Daha sonra "Ulduz" Şokolad Fabrikinin İdarə Heyətinin üzvü Türkan Həsənova müəssisənin istehsal gücü, müasir texnoloji imkanları, məhsul çeşidləri və ixrac potensialı barədə məlumat verib. Ardınca "Veysəloğlu Distribusiya"nın Korporativ Kommunikasiya və Marketinq şöbəsinin müdiri Zərri Allahverdi şirkətin fəaliyyət istiqamətləri, ölkə üzrə geniş distribusiya şəbəkəsi və logistika imkanlarını təqdim edib.
Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribli çıxışında bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu üçün insan kapitalı ən böyük dəyərdir və şirkət gənclərin peşəkar inkişafına hər zaman xüsusi önəm verir. O qeyd edib ki, bu kimi görüşlər tələbələrin gələcək karyera planlamasına müsbət təsir göstərir, onların böyük şirkətlərdə formalaşan iş mühiti və inkişaf imkanları barədə təsəvvürlərini genişləndirir.
Tədbir çərçivəsində Adilə Məmmədova tərəfindən şirkətin korporativ mədəniyyəti və dəyərlərinə həsr olunmuş interaktiv təlim keçirilib. Təlim zamanı Veysəloğlu Şirkətlər Qrupunda formalaşmış korporativ mühit, komanda ruhu və əməkdaşların peşəkar inkişafına yanaşma barədə ətraflı məlumat verilib.
Seminarın sonunda YAP Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxış edərək gənclərin ölkənin aparıcı şirkətləri ilə yaxından tanış olmasının onların peşə seçimi, dünyagörüşünün formalaşması və gələcək karyera planlaması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbir çay süfrəsi və "Ulduz" şokoladlarının dadımı ilə davam edib. Sonda qonaqlara "Ulduz" Şokolad Fabriki tərəfindən hazırlanmış xüsusi hədiyyə paketləri təqdim olunub, xatirə şəkli çəkdirilib.

Geri qayıt