Əsas Səhifə > Güney Press > Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi

Gəncədə oğlunun ölümünə görə yaranan münaqişə qanlı hadisə ilə nəticələndi


Bu gün, 17:06

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq və soyuq silah gəzdirmədə təqsirləndirilən Etibar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib.


Qeyd: Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) və 228.5-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.


İttihama görə, hadisə 2025-ci il 27 avqust tarixində Gəncə şəhərinin Natəvan qəsəbəsində yerləşən tərxun istixanasının qarşısında baş verib.


Belə ki, Etibar Məmmədov bir müddət əvvəl qəsdən öldürülən oğlu Tunar Məmmədovun ölümünə görə həmin istixana ilə əlaqəli şəxsləri məsul hesab edib və hadisə günü istixanaya gələrək orada çalışan günəmuzd fəhlələrə işlərini dayandırmağı tövsiyə edib. O, fəhlələrə “burada işləməyin”, “istixana müflis olmalıdır” kimi ifadələr işlədərək onları iş yerini tərk etməyə çağırıb.


Bu zaman istixananın mühafizəçisi olan qonşusu, zərərçəkmiş Ziya Cəfərov ona yaxınlaşaraq bu tələblərin qanunsuz olduğunu bildirib. Bundan sonra tərəflər arasında əvvəllər mövcud olmuş gərginliyin davamı olaraq mübahisə yaranıb.


Mübahisə qısa müddətdə dava-dalaşa çevrilib. Etibar Məmmədov üzərində gəzdirdiyi iki müxtəlif bıçaqdan istifadə edərək zərərçəkmişə iki zərbə endirib.


Məhkəmə sənədlərinə görə, zərbələrdən biri qarın boşluğuna keçərək diafraqmanı zədələyib, digər zərbə isə döş qəfəsinin sağ hissəsinə nüfuz edib. Hər iki xəsarət həyat üçün təhlükəli ağır bədən xəsarəti kimi qiymətləndirilib.


Məhkəmədə ifadə verən Etibar Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.


Onun sözlərinə görə, oğlunun öldürülməsindən sonra həmin cinayət işində adı keçən şəxslərin ailəsi ilə münasibətlər gərginləşib və müxtəlif şəxslər dəfələrlə onları barışdırmağa çalışsalar da, buna razılıq verməyib.


Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl də oğlu Tunarın ölümü ilə əlaqədar təqsirləndirilən Arif Hətəmovun atası Yusif Hətəmovun təsərrüfatında işləyən adamlara orada işləməməyi tövsiyə edib. Məqsədinin həmin təsərrüfatın fəaliyyətinə mane olmaq olduğunu etiraf edib.


Etibar Məmmədov deyib ki, sonradan zərərçəkmiş Ziya Cəfərov onu söyərək qarşıdurma yaradıb. Ardınca tərəflər arasında başqa yerdə görüşmək barədə razılıq əldə olunsa da, sonrakı qarşılaşma zamanı zərərçəkmiş əlində bıçaq və daha sonra daşla onun üzərinə hücum edib.


Təqsirləndirilən şəxs bildirib ki, baş nahiyəsinə daş dəydikdən sonra özünü müdafiə etmək məqsədilə üzərində olan bıçaqlardan istifadə edib.


O əlavə edib ki, hadisədən sonra Ziya Cəfərova xəstəxanaya getməyi tövsiyə edib, özü də polisə təslim olmaq qərarına gəlib.


Məhkəmədə Etibar Məmmədov törətdiyi əməli zəruri müdafiə vəziyyətində etdiyini bildirib və heç vaxt zərərçəkmişi əvvəlcədən vurmaq niyyətində olmadığını deyib.


Məhkəmədə ifadə verən zərərçəkmiş Ziya Cəfərov deyib ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə ciddi şəxsi ədavəti olmayıb.


Onun sözlərinə görə, hadisədən bir gün əvvəl Etibar Məmmədov istixanaya gələrək fəhlələrə orada işləməməyi tapşırıb və bu səbəbdən tərəflər arasında mübahisə yaşanıb.


Zərərçəkmiş məhkəmədə bildirib ki, hadisə günü əlində bıçaq olmayıb, yalnız ağac götürərək özünü müdafiə etməyə çalışıb. O etiraf edib ki, mübahisə zamanı təqsirləndirilən şəxsin başına daş və ağacla zərbə endirib. Daha sonra avtomobilin ətrafında qaçarkən yıxılıb və həmin vaxt bıçaq zərbələri alıb.


Zərərçəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxslə artıq barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını söyləyib.


Məhkəmə araşdırması zamanı Ziya Cəfərovun məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ciddi ziddiyyətlər yarandığı üçün əvvəlki ifadəsi elan olunub.


İbtidai istintaqda verdiyi ifadədə zərərçəkmiş bildirib ki, Etibar Məmmədov oğlunun qətlindən sonra qisas almaq niyyəti ilə daim iki qatlanan bıçaq gəzdirib və Tunarın ölümündə məsul hesab etdiyi şəxslərin ailəsinə qarşı düşmən münasibət bəsləyib.


Həmin ifadəyə görə, hadisə günü təqsirləndirilən şəxs əvvəlcə fəhlələri hədələyib, daha sonra onunla mübahisə zamanı iki bıçaq çıxarıb. Zərərçəkmiş isə yalnız yaxınlıqdakı ağacı götürərək özünü müdafiə etməyə çalışdığını bildirib.


İstintaq ifadəsində qeyd olunub ki, zərərçəkmiş yerə yıxıldıqdan sonra qarın və kürək nahiyəsindən bıçaqlanıb, bundan sonra Etibar Məmmədov hadisə yerindən uzaqlaşıb.


Geri qayıt