Əsas Səhifə > Güney Press > Tehranın türk qorxusu:

Tehranın türk qorxusu:


Bu gün, 15:05

“İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi ilk baxışdan İsrail–İran müharibəsi fonunda verilmiş siyasi qərar təsiri bağışlayır.

Lakin əsas səbəb başqadır”. Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, Tehranın narahatlığı təkcə müharibə dövründə yayımlanan xəbərlərlə bağlı deyil:

“AzTV İsrail–İran müharibəsi dövründə açıq mövqe nümayiş etdirmədi, tərəfsiz xəbərlər təqdim etdi. İsrail–İran qarşıdurması zamanı dövlət televiziyası tərəflərdən heç birinin təbliğat ruporuna çevrilmədi. Kanal hadisələri əsasən beynəlxalq informasiya agentliklərinin məlumatları əsasında işıqlandırdı, müxtəlif ekspertlərin rəylərinə yer verdi və rəsmi olaraq nə İsraili, nə də ABŞ-ni dəstəkləyən mövqe nümayiş etdirdi.

Bu baxımdan, AzTV-ni müharibədə tərəf tutmaqda ittiham etmək üçün ciddi əsas yoxdur. Azərbaycan televiziyaları İran daxilində təxribatçı və ya bölücü məzmunlu xəbərlər də yaymayıb. Müxbirləri əllərinə mikrofon verib kasıb, rejimdən narazı əhalinin yaşadığı ərazilərə göndərməyiblər.

Amma İran KİV-ləri bunu ediblər. Son 30 ildə Bakıda akkreditasiya olunmuş İran KİV-ləri təxribat yuvasına çevrilmiş Əli Əkbər Ocaqnejadın rəhbərlik etdiyi İran Mədəniyyət Mərkəzindən məlumat alaraq fəaliyyət göstəriblər.

Onlar Azərbaycanda sosial problemlərdən narazı insanları tapıb danışdırır, Azərbaycan dövləti haqqında mənfi fikirlər formalaşdırırdılar. Bunun əsas səbəbi o idi ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş dünyəvi, demokratik Azərbaycan Respublikası İranda yaşayan 40 milyonluq türk üçün örnək sayılırdı. Onlar Arazın bu tayındakı dünyəvi təhsili, azad düşüncə tərzini gözdən salmağa çalışırdılar ki, Güney Azərbaycandakı soydaşlarımız bu taya boylanmasınlar”.

Elman Cəfərli deyib ki, İranın AzTV-ni “qara siyahı”ya salması Azərbaycan Respublikasının Güney Azərbaycana mədəni təsirinin güclənməsi ilə bağlıdır:

“Son 35 ildə Güney Azərbaycana, İranın türklər yaşayan bölgələrinə Azərbaycanın mənəvi və ideoloji təsiri göz önündədir. İranın türklər yaşayan bölgələrində yaşayan əhalinin əksəriyyəti Azərbaycan televiziyalarına baxır.

Bizim keyfiyyətsiz adlandırdığımız verilişlər belə Güneydə maraqla izlənilir. Onlar Bakıdan yayımlanan aşıq musiqisinə, muğam müsabiqələrinə acgözlüklə baxırlar. Bütün xanəndələrimizi, aşıqlarımızı tanıyır və sevirlər. Türkçülük ideyası İranda ön plana keçib.

Hətta azərbaycançılıq düşüncəsi yayğınlaşıb. Sosial şəbəkələrdə rast gəlmişəm ki, hətta Xorasanda yaşayan türklər belə özlərini Azərbaycan türkü adlandırırlar. Fikrimcə, AzTV-nin hədəfə alınmasının əsas səbəblərindən biri də son illərdə Azərbaycan və ümumtürk tarixinə həsr olunan televiziya seriallarının hazırlanması və yayımlanmasıdır.

Bu cür ekran əsərləri təkcə tarixi hadisələri tamaşaçıya çatdırmır, həm də ortaq milli yaddaşın və türk kimliyi şüurunun möhkəmlənməsinə xidmət edir. İran hakimiyyəti də məhz bu məqamı nəzərə alaraq həmin layihələrin Güney Azərbaycanda milli özünüdərk və türk düşüncəsinin daha da güclənməsinə təsir göstərə biləcəyini düşünür”.


Geri qayıt