|
Corctaun Universitetinin Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu tərəfindən hazırlanan “Qadınlar, Sülh və Təhlükəsizlik (WPS) İndeksi” adlı hesabata görə, qadınların yaşaması, işləməsi və təhlükəsizliyi baxımından dünyanın ən yaxşı ölkəsi Danimarka olub. Yeniavaz.com xəbər verir ki, 181 ölkəni əhatə edən indeks qadınların inklüzivliyi, hüquqları, təhlükəsizliyi və rifahını qiymətləndirən 13 göstərici əsasında hazırlanıb. Reytinqdə ilk beşliyi tamamilə Skandinaviya ölkələri tutur. Danimarka 0,939 balla birinci yerdə qərarlaşıb. Onu İslandiya (0,932), Norveç (0,924), İsveç (0,924) və Finlandiya (0,921) izləyir. İlk onluğa həmçinin Lüksemburq, Belçika, Hollandiya, Avstriya və Yeni Zelandiya daxildir. Mütəxəssislərin fikrincə, Skandinaviya ölkələrinin uzun illərdir liderliyini qorumasının əsas səbəbləri qadınların yüksək təhsil səviyyəsi, əmək bazarında fəal iştirakı, güclü hüquqi müdafiə mexanizmləri, maliyyə imkanlarına çıxışı və siyasi təmsilçiliyidir. Həmçinin bu ölkələrdə gender əsaslı zorakılıq səviyyəsinin nisbətən aşağı olması və sosial müdafiə sisteminin inkişaf etməsi mühüm rol oynayır. Reytinqin son pillələrində isə münaqişə və siyasi qeyri-sabitlikdən əziyyət çəkən ölkələr qərarlaşıb. Siyahının sonuncusu Əfqanıstan olub. Ondan əvvəl Yəmən, Mərkəzi Afrika Respublikası, Suriya, Sudan, Haiti, Konqo Demokratik Respublikası, Burundi, Cənubi Sudan və Myanma yer alır. Hesabatda qeyd olunur ki, Azərbaycan 0,653 balla 181 ölkə arasında 111-ci sırada qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında son sıralarda yer alıb. Keçmiş SSRİ və region ölkələrinin qadınlar üçün ən yaxşı ölkələrin sıralamasındakı mövqeyi belə olub: 11-ci Estoniya – 0,896; 15-ci Litva – 0,887; 17-ci Latviya – 0,884; 36-cı Moldova – 0,821; 45-ci Gürcüstan – 0,798; 56-cı Ermənistan – 0,762; 63-cı Belarus – 0,739; 72-ci Qazaxıstan – 0,722; 74-cü Türkmənistan – 0,720; 75-ci Rusiya – 0,718; 84-cü Qırğızıstan – 0,697; 89-cu Tacikistan – 0,685; 98-ci Özbəkistan – 0,674; 106-cı Türkiyə – 0,664; 111-ci Azərbaycan – 0,653; 116-cı Ukrayna – 0,645; 128-ci İran – 0,608.
Geri qayıt
|