Əsas Səhifə > Güney Press > Azərbaycanda işsizlərin sayı niyə artıb?
Azərbaycanda işsizlərin sayı niyə artıb?Bu gün, 14:21 |
|
2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib. Bu göstərici 2026-cı il aprelin 1-i ilə müqayisədə 1,6 min nəfər və ya 0,6 % artıb.İyulun 1-nə qeydiyyatda olan işsizlərin 52,3 %-ni qadınlar təşkil edib. Aprelin əvvəlində isə qadınların payı 51,7 % olub. Beləliklə, rüb ərzində işsiz qadınların ümumi işsizlər arasında xüsusi çəkisi 0,6 faiz bəndi yüksəlib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği də artıb. Belə ki, iyulun 1-i vəziyyətinə orta aylıq ödəniş 475,8 manat olubsa, aprelin 1-də bu göstərici 475 manat təşkil edib. Rüblük artım 0,8 manat və ya 0,2 % olub. Qeyd edək ki, ilin əvvəlində qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olub, onların 51,9%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 452,8 manat idi. 2026-cı il iyulun 1-i vəziyyətinə, ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər təşkil edib. Onların 5 milyon 137,1 min nəfəri məşğul əhali olub. Bu göstəricilər əsasında hesablandıqda, ölkədə işsizlərin sayı 280,6 min nəfər, işsizlik səviyyəsi isə təxminən 5,2 % təşkil edib. Müqayisə üçün, 2026-cı il aprelin 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 389,8 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 108,4 min nəfər olub. Həmin dövrdə işsizlərin sayı təxminən 281,4 min nəfər, işsizlik səviyyəsi isə 5,2 % səviyyəsində olub. Maraqlıdır, Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və işsizlərin sayının azaldılması Azərbaycanda həm iqtisadi, həm də sosial siyasətin prioritetlərindən hesab olunur: “Bu gün Azərbaycanda həm yeni iş yerlərinin yaradılmasını, həm də bəzi iş yerlərinin bağlanmasını müşahidə olunur. Bu, iqtisadi qanunauyğunluqlara uyğun baş verən prosesdir. Hazırda 1,8 milyon insan əmək müqaviləsi ilə çalışır. Məhz muzdlu işçilərin sayına diqqət yetirsək, dövlət sektorunda çalışan muzdlu işçilərin sayında müəyyən azalmalar, özəl sektorda çalışanların sayında isə artımlar müşahidə olunur. Artıq bir ilə yaxındır ki, özəl sektorda çalışanların sayı dövlət sektorunda çalışanların sayını üstələyir. Bütövlükdə, məşğulluğun təmin olunmasında və işsizliyin aradan qaldırılmasında ən vacib amillərdən biri özəl sektorun daha yaxından dəstəklənməsidir. Bu, daha dayanıqlı iş yerlərinin yaradılmasına imkan verir. Nəzərə alsaq ki, Azərbaycanda özəl sektor üçün müəyyən güzəştlər tətbiq olunur, həmin güzəştlərin əhatə dairəsinin genişləndirilməsi və özəl sektorun yeni iş yerlərinin yaradılmasında rolunun artırılması çox vacibdir”. Deputat qeyd edib ki, dövlət sektorunda çalışanların sayında azalmalar müşahidə olunur və bunun özəl sektor hesabına kompensasiya edilməsi olduqca vacibdir. Geri qayıt |