Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbiBu gün, 12:32 |
|
Ermənistanın fövqəladə və səlahiyyətli keçmiş səfiri Dzyunik Ağacanyan "Politik.am"ın YouTube kanalına müsahibəsində "TRIPP" layihəsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı ciddi iddialar səsləndirib. Musavat.com ArmTribunal.com-a istinadən xəbər verir ki, Ağacanyan Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizi ilə bağlı hər hansı razılaşma ölkənin ərazi bütövlüyünə birbaşa təsir göstərdiyindən yalnız ümumxalq referendumu vasitəsilə təsdiqlənə biləcəyini deyib. Ağacanyan bildirib ki, Ermənistanın "Beynəlxalq müqavilələr haqqında" qanununun 15-ci maddəsinə əsasən, belə sənədlər referendum yolu ilə qəbul edilməlidir. O hesab edir ki, "TRIPP" layihəsi də məhz bu kateqoriyaya daxildir və hökumət və ya parlamentin qərarı ilə həyata keçirilə bilməz. Keçmiş səfir iddia edib ki, hakimiyyət gələcəkdə qanunvericiliyi dəyişərək bu cür qərarların Milli Məclisdə sadə səs çoxluğu ilə qəbul edilməsinə çalışa bilər. Onun fikrincə, buna görə də müxalifətin əsas vəzifəsi belə təşəbbüslərə qarşı siyasi və ictimai müqavimət formalaşdırmaqdır. Müsahibə zamanı Ağacanyan "TRIPP" layihəsinin yalnız iqtisadi təşəbbüs olmadığını da iddia edib. O bildirib ki, layihə regionun hərbi-siyasi balansına təsir göstərə biləcək strateji məqsədlər daşıyır. Keçmiş diplomatın sözlərinə görə, ABŞ-ın layihədə mümkün iştirakı barədə səsləndirilən fikirlər onun ictimaiyyət tərəfindən qəbul edilməsini asanlaşdırmağa xidmət edir. O hesab edir ki, layihənin arxasında uzunmüddətli geosiyasi və təhlükəsizlik məqsədləri dayanır. İran ətrafındakı vəziyyətə toxunan Ağacanyan daha da irəli gedərək iddia edib ki, ABŞ, İsrail, Türkiyə və Azərbaycanın iştirakı ilə regionda daha genişmiqyaslı strateji ssenarilər müzakirə olunur. Onun fikrincə, bu ssenarilərdə Sünik vilayəti və xüsusilə Mehri istiqaməti əsas geosiyasi məntəqələrdən biri kimi nəzərdən keçirilir. Keçmiş səfir hesab edir ki, "TRIPP" layihəsi gələcəkdə İrana qarşı mümkün hərbi və ya logistik əməliyyatlarda istifadə oluna biləcək quru infrastrukturunun yaradılması məqsədini daşıya bilər. Ağacanyan həmçinin iddia edib ki, əlində olan məlumatlara əsasən, Mehri rayonunda torpaq sahələrinin kütləvi şəkildə alınması prosesi aparılıb və ya artıq yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, bu proses təsadüfi deyil və gələcək infrastruktur hazırlıqları ilə əlaqəli ola bilər. Keçmiş diplomat bu iddialarla bağlı hər hansı sübut təqdim etməsə də, baş verənlərin regional təhlükəsizlik baxımından ciddi araşdırılmalı olduğunu vurğulayıb. Musavat.com Geri qayıt |