Əsas Səhifə > Güney Press / Partiya > ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”


Bu gün, 12:10

2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248.5 min nəfər təşkil edib. Bu göstərici 2026-cı il aprelin 1-i ilə müqayisədə 1,6 min nəfər və ya 0,6 faiz artıb.

Bu isə iş yerlərinin azalması, yoxsa insanların tənbəlləşməsi sualını gündəmə gətirib.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, “insanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur.

O bildirib ki, göstəricilərin artmasının səbəbləri var: “Kasıblıq, yoxsulluq, imkansızlıq qarşısında ailəsinin kommunal borclarını ödəyə bilməyən, evinə normal ərzaq bazarlığı edə bilməyən vətəndaş necə tənbəlləşə bilər? Bu, qətiyyən belə deyil. Sadəcə, bu sayın artmasının iki səbəbi var. Həqiqətən son dönəmlər müxtəlif dövlət strukturlarında, özəl sektorlarda optimallaşdırma adı altında ixtisarlar gedir və burada əlavə sertifikasiya kimi addımları da əlavə etsək görərik ki, yetəri qədər işsizlər ordusu yaranır. İstər müəllimlər, istərsə də həkimlər, kitabxana işçiləri arasında... Digər dövlət qurumlarında, hətta icra hakimiyyətlərində belə bir çox iş yerləri ixtisara uğrayıb və onların hamısı işsizlər ordusuna qatılır. İkinci səbəbi isə təbii ki, insanların artıq daha çox maariflənməsi, rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçmək prosedurunu ciddiyə alması və qeydiyyatdan keçərək işsiz kimi rəsmi statistikalarda görünməyidir. Dünənə qədər bir çox insan illərlə işsiz idi, ancaq işsiz kimi dövlət tərəfindən qeydiyyata alınmaq üçün lazımi addımları atmırdılar və bunu zəruri bilmirdilər. İndi mümkündür ki, hüquqi baxımdan savadlılığının artması nəticəsində insanlar artıq işsizlik növbəsinə dururlar və dövlətdən də işsiz kimi hansısa imtiyazlar yaxud normal iş təklifinin edilməsini gözləyirlər”.

T.Abbaslı qeyd edib ki, bu, əslində iqtisadiyyatın son zamanlar vəziyyətinin necə ağır olduğunun göstəricisidir: “Təsadüfi deyil ki, son hesabatda Azərbaycanda iqtisadi artım 0 faizdir. Regionda sonuncu yerdə oldu. Bu o deməkdir ki, iqtisadiyyat artmayıb. Əgər artmayıbsa, inflyasiya davam edirsə, dünyada Hörmüz boğazı ətrafında gedən iqtisadi gərilim də bunun üzərinə gəlirsə, səmərəsiz idarəetmə də əlavə edilərsə, təbii ki, işsizlərin sayı artacaq. Bu, həndəsi silsilə artım üzrə davam edəcək. Təcili olaraq iqtisadi islahatlar aparılmazsa, siyasi idarəçilikdə demokratikləşmə davam etməzsə təəssüf ki, iqtisadi tənəzzül daha da sürətlənəcək”.


Geri qayıt