Əsas Səhifə > Güney Press > SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ

SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ


Bu gün, 11:56

İranın əsas hərbi-siyasi gücü hesab olunan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/İİKK) Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə sərt mövqe nümayiş etdirib. Ermənistanda nəşr olunan “İravunk” qəzetinin SEPAH-dakı mənbəyə istinadən yaydığı məlumata görə, İran tərəfi Ermənistandakı müttəfiqlərinə narahat olmamağı tövsiyə edib və Zəngəzur dəhlizinin mövcud şərtlərlə açılmasının mümkün olmadığını bildirib.

Mənbənin sözlərinə görə, açıqlamada qeyd olunur: “Hörmüzü aça bilməyən eyni adam Qafqazda dəhliz açmağa çalışmayacaq. Onların Ermənistana səfərləri sadəcə nümayişdən başqa bir şey deyil. Zəngəzur dəhlizi yalnız İranın və bölgənin əsl sahiblərinin maraqlarına xidmət etdiyi təqdirdə açılacaq”.

SEPAH-a yaxın mənbənin bu fikirləri İranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmadığını göstərən növbəti siqnal kimi qiymətləndirilir. Rəsmi Tehran son illərdə dəfələrlə bəyan edib ki, regionda sərhədlərin dəyişdirilməsinə, İran-Ermənistan sərhədinin statusuna təsir göstərə biləcək istənilən layihəyə qarşıdır. İran rəsmiləri Zəngəzur dəhlizinin ekstraterritorial statusda fəaliyyət göstərməsi ehtimalını ölkənin milli təhlükəsizliyi baxımından risk hesab etdiklərini dəfələrlə vurğulayıblar.
SEPAH mənbəsinin açıqlamasında diqqət çəkən məqamlardan biri də "bölgənin əsl sahibləri" ifadəsinin işlədilməsidir. Bu, İranın Cənubi Qafqazda xarici güclərin, xüsusilə ABŞ və Qərbin təsirinin artmasına qarşı çıxmasının növbəti göstəricisi kimi dəyərləndirilir. Son aylarda ABŞ nümayəndələrinin və Qərb diplomatlarının Ermənistana intensiv səfərləri fonunda Tehranın bu cür açıqlamalar verməsi təsadüfi hesab edilmir. İran hesab edir ki, regionda formalaşan yeni geosiyasi reallıq onun strateji maraqlarını zəiflədə bilər.

Tehran üçün əsas məsələ yolun açılıb-açılmaması deyil, onun hansı hüquqi və siyasi mexanizmlə fəaliyyət göstərəcəyidir. İranın narahatlığı, ilk növbədə, Ermənistanla quru sərhədinin əhəmiyyətinin azalması, Türkiyə-Azərbaycan tandeminin mövqelərinin güclənməsi və Qərbin Cənubi Qafqazda daha fəal rol alması ilə bağlıdır. Bununla belə, SEPAH-a yaxın mənbənin "dəhliz açılmayacaq" bəyanatı daha çox siyasi mesaj və psixoloji təsir xarakteri daşıyır. Digər tərəfdən, İran son illər sərt ritorikasına baxmayaraq, regionda yaranmış yeni reallıqlarla hesablaşmaq məcburiyyətində qalıb. Bu səbəbdən Tehranın əsas məqsədinin layihəni tamamilə dayandırmaqdan daha çox, onun şərtlərinə təsir göstərmək və öz maraqlarını təmin etmək olduğu ehtimal edilir. SEPAH mənbəsinin "dəhliz yalnız İranın maraqlarına xidmət etdiyi halda açıla bilər" ifadəsi də məhz bu yanaşmanı əks etdirir.

Hazırkı mərhələdə görünən odur ki, Zəngəzur dəhlizi ətrafında diplomatik və siyasi mübarizə davam edəcək. İran sərt bəyanatlarla öz qırmızı xətlərini nümayiş etdirsə də, yekun qərar regional və beynəlxalq güclər arasında aparılan danışıqların nəticəsindən asılı olacaq. Buna görə də SEPAH-ın son açıqlaması daha çox Tehranın mövqeyini yenidən gündəmə gətirən siyasi xəbərdarlıq kimi qiymətləndirilə bilər.

Professor Qabil Hüseynli hesab edir ki, SEPAH adından erməni mediasına sızdırılan təhdid dolu bəyanat real olmaya bilər: "Bunu erməni mediasının və SEPAH-la bağlı qüvvələrin təxribatı da adlandırmaq mümkündür. Ancaq belə bir hədə varsa, çürük qoz kimi qiymətləndirirəm. İranın Zəngəzur dəhlizinin açılmasına əngəl olması real deyil. İlk növbədə İrana qarşı son əməliyyatlar onu taqətdən salmaqdadır və müqavimət gücü qalmayacaq. İkincisi, bu məlumatda Trampa işarə olunur. Amma söhbət ABŞ üçün strateji əhəmiyyət daşıyan logistikadan gedir. Artıq yola nəzarət edəcək şirkət və onun rəhbəri də məlumdur. Amma İran bu prosesə mane ola bilmədi. Bundan sonra nə edə bilər ki?!"

Q. Hüseynlinin sözlərinə görə, Ermənistan hakimiyyəti öhdəlik götürüb və TRİPP layihəsi həyata keçiriləcək: "İrəvan bu layihənin reallaşmasında maraqlıdır. Ermənistan ABŞ şirkətinin təhlükəsiz şəraitdə fəaliyyətinə də təminat verib. Ona görə İranın hər hansı müdaxiləsi ciddi cavab tədbirləri ilə nəticələnə bilər".

Professorun fikrincə, SEPAH bəzi təxribatlara cəhd edə bilər, lakin bu təhdidlər quru sözdən ibarətdir: "İranın qarnının sancısı budur ki, bu logistikadan ona da pay çatsın. Əslində, Rusiya da eyni niyyətdədir. Ona görə vaxtaşırı belə hədə-qorxu dolu cəfəng fikirlər səslənir. İranın üzləşdiyi problem onun başını elə qarışdırıb ki, Zəngəzur dəhlizinə müdaxilə edə bilməz. Ümumiyyətlə, bu layihə Çin və Avropanın maraqlarını da təmin etdiyi üçün cənub qonşumuz beynəlxalq bir marşruta hücum edərsə, cəzası ağır olar".

Musavat.com


Geri qayıt