|

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sultan Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 11 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sultan Quliyev dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.
İttihama görə, hadisə 2024-cü il iyunun 12-də axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini Sultan Quliyev avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan digər avtomobillə toqquşduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı – 3 yaşlı Duyğu Məmmədlini, 5 yaşlı Uğur Məmmədlini və nənələri 56 yaşlı Mərziyyə Ağaliyevanı vurub.
Hər 3 yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 3 yaşlı Duyğunun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı Sultan Quliyev ərazidən qaçıb, daha sonra o saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: Nənə nəvələri ilə yaxınlarının yas mərasimindən qayıdırmış.
Geri qayıt
|