|
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin partiyasının parlament frakiyasının növbəti iclasında vida çıxışından və yeni partiya quracağını açıqlamasından sonra elektron hökumət vasitəsilə istefalar başlayıb. Yeniavaz.com xəbər verir ki, partiyadaxili mənbələrdən alınan ilkin məlumatlara görə, açıqlamadan bir neçə saat sonra təxminən 400 min CHP üzvü istefa verib. Yerli KİV-in məlumatına görə, CHP-nin 2026-cı ilin yanvar ayı üçün 1 milyon 922 min 757 üzvü olub. Lakin Özgür Özəlin may ayında liderliyinin ləğvindən sonra üzvlərin sayı əvvəlcə 42 min 784 nəfər azalıb. 2026-cı ilin iyul ayına olan rəsmi məlumata görə, CHP üzvlərinin ümumi sayı 1 milyon 879 min 973 nəfərə düşüb. Digər tərəfdən, elektron hökumət sistemi yüksək sıxlıq səbəbindən kilidlənib. Belə ki, bu açıqlamadan sonra elektron hökumət portalı vasitəsilə CHP üzvlüyünü ləğv etmək istəyən vətəndaşlar giriş məhdudiyyətləri ilə qarşılaşıblar. Minlərlə insanın eyni vaxtda prosesi tamamlamağa çalışması səbəbindən elektron hökumətin Siyasi Partiya Üzvlüyünün Ləğvi ekranında sistem həddindən artıq yüklənib. İstefa prosesini tamamlaya bilməyən istifadəçilərin ekranlarında “Sistemdəki texniki nasazlıq səbəbindən əməliyyatınız tamamlana bilmədi” mesajı görünüb. Siyasi analitiklər sistemdəki nasazlıq aradan qaldırıldıqdan sonra rəsmi istefaların sayının daha da artacağını bildirirlər. CHP qərargahı kütləvi istefa prosesi və elektron hökumət platformasındakı problemlərlə bağlı hələlik rəsmi açıqlama verməyib. Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib. Bundan sonra Özgür Özəl və tərəfdarları CHP-dən ayrılaraq yeni siyasi partiya qurmaq fikrini müzakirə etməyə başlayıblar. Bir neçə gün əvvəl isə yeni yaradılacaq partiya ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
Geri qayıt
|