Əsas Səhifə > Güney Press > Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər

Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər


Bu gün, 10:30

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əjdər Tağıyev və Malik Məcidovun (adları, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əjdər Tağıyev 4 il və Malik Məcidov isə 3 il 2 ay 4 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, hadisə 2024-cü ilin iyul ayında, günorta saat 12 radələrində Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Binəqədi şosesində baş verib.


Belə ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq qanunsuz tikilinin qarşısının alınması məqsədilə xidməti vəzifələrini yerinə yetirən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq ediblər.

Həmin vaxt dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun müdir müavini və sektorun məsləhətçisi xidməti vəzifələrini icra edərək qanunsuz tikilinin qarşısının alınması ilə bağlı tədbirlər görürdülər. Əjdər Tağıyev və Malik Məcidov heç bir əsaslı səbəb olmadan onların üzərinə hücum edib, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər.

İstintaqın qənaətinə görə, onların məqsədi ətrafdakı insanların gözü qarşısında özlərini üstün göstərmək və dövlət orqanlarının qanuni fəaliyyətinə mane olmaq olub.


Cinayət işinin materiallarına əsasən, Əjdər Tağıyev biri silah qismində istifadə etdiyi əsa ilə müdir müavininə zərbələr endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsə sol bazu oynağı və sol çiyin nahiyəsində dərialtı hematomalar, hərəkət məhdudluğu ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib.


Malik Məcidov isə əlindəki əsa ilə həm sektorun məsləhətçisinə, həm də müdir müavininə zərbələr endirib. Müdir müavini alt dodağının sağ hissəsində əzilmiş yara alıb. Ekspertiza həmin xəsarətlərin bir hissəsini sağlamlığa zərər vurmayan, digər hissəsini isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirib.


Sektorun məsləhətçisi isə sağ said nahiyəsində sıyrıq xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarəti hesab edilib.


İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxslər ictimai yerdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə etdikləri əsa ilə zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər törədiblər.


Geri qayıt