Əsas Səhifə > Güney Press > Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafıBu gün, 10:12 |
|
Almaniya Azərbaycanın Avropadakı mühüm siyasi və iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin 2024-cü ildə Almaniyaya, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində ölkəmizə səfərləri iki ölkə arasında münasibətləri sürətlə inkişaf etdirib. Dünyada iqtisadi nəhənglərdən biri sayılan Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli əməkdaşlığın güclənməsinə şərait yaradır.
Azərbaycan strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşir və bununla da həm Qərb, həm də Şərq dövlətləri üçün maraq kəsb edir. 1990-cı illərində müstəqillik əldə etdikdən sonra Azərbaycan tədricən iki və çoxtərəfli əməkdaşlıq proseslərinə cəlb olunub ki, bu da özünü ilk növbədə ölkəmizin beynəlxalq iqtisadi, enerji və kommunikasiya layihələrində iştirakında göstərir. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda yer tutur.
Bakı ilə Berlin arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə cavab verir. Almaniya Xəzər regionuna, xüsusən də Azərbaycanın iqtisadi resurslarına maraq göstərir. Avropa İttifaqı çərçivəsində maliyyə dəstəyi verir və birgə beynəlxalq layihələrdə iştirak edir. Təsadüfi deyil ki, Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində aparıcı ölkələr arasında səkkizinci yerdədir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Almaniya investisiyalı 249 şirkət qeydiyyatdan keçib. Statistikaya görə, Almaniya Azərbaycanın neft-qaz və qeyri-neft sektoruna böyük həcmdə sərmayə qoyub, Azərbaycandan Almaniyaya 569,7 milyon dollar sərmayə qoyulub.
Prezident İlham Əliyevin iyulun 20-21-də Almaniyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüş keçiribi. Dövlət başçımızın Berlinə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının yüksələn xətlə inkişafının bariz göstəricisidir. Prezident birgə mətbuat konfransındakı çıxışında bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. “Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir. "Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər hansı problem yoxdur”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkə başçısı mətbuata bəyanatında Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Öz növbəsində Almaniyanın Federal Kansleri Fridrix Merts bildirib ki, Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb. O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik. "Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar", - deyə Kansler vurğulayıb.
Cənab Fridrix Merts vurğulayıb ki, sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır. Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.
Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: "Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir".
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya növbəti səfəri Avropa İttifaqında və onun siyasətində əhəmiyyətli çəkiyə malik dövlət olan Almaniya ilə bütün sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt |