Əsas Səhifə > Güney Press > Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdiBu gün, 11:35 |
|
Şəki Apellyasiya Məhkəməsində şərikli biznes qurmaq vədi ilə tanışını aldadaraq 17 000 manatını ələ keçirməkdə təqirləndirilən Alimə Həsənzadənin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, Alimə Həsənzadə tamah niyyəti ilə tanışı olan zərərçəkmiş S.S.-in pul vəsaitini qanunsuz və əvəzsiz əldə etmək məqsədilə əvvəlcədən plan hazırlayıb. Cinayət işi materiallarında göstərilir ki, o, əslində hər hansı biznes fəaliyyəti qurmaq niyyətində olmadığı halda, 2024-cü ilin mart ayında zərərçəkmişə birlikdə mağaza açaraq gəlir əldə etməyi təklif edib. Belə ki, təqsirləndirilən şəxs S.S.-in inandırıb, şərikli biznes qurmaq üçün ilkin olaraq 17 000 manat vəsait lazımdır. Zərərçəkmiş bu vədə inanaraq Zaqatala rayonunun Car kəndində yerləşən torpaq sahəsini bazar qiymətindən aşağı qiymətə satıb və əldə etdiyi vəsaitdən 17 000 manatı biznesə sərmayə qoymaq məqsədilə ayırıb. İstintaq materiallarına görə, həmin pul 2024-cü ilin aprel ayında Zaqatala şəhərində yerləşən "Bank Respublika"nın filialında Alimə Həsənzadə tərəfindən qəbul edilib. Bundan sonra isə S.S.-ə vəd edilən biznes fəaliyyətinin həyata keçiriləcəyi bildirilib. Lakin ittihamda qeyd olunur ki, təqsirləndirilən şəxs əvvəlcədən hazırladığı plan əsasında dələduzluq niyyətini gizlətmək üçün müəyyən görüntü yaradıb. Belə ki, o, Zaqatala şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən mağazanı biznes obyekti kimi təqdim edərək, obyekt sahibinə iki ay ərzində hər ay 600 manat olmaqla ümumilikdə 1 200 manat icarə haqqı ödəyib. Bundan əlavə, mağazada cüzi təmir və rənglənmə işləri aparılıb ki, bu da zərərçəkmişdə biznesin həqiqətən qurulduğu təəssüratı yaratmağa xidmət edib. Prokurorluğun ittihamına əsasən isə bütün bunlar yalnız görüntü xarakteri daşıyıb. Belə ki, mağazada faktiki olaraq heç bir sahibkarlıq fəaliyyəti həyata keçirilməyib, heç bir mal alınmayıb, satış təşkil olunmayıb, gəlir əldə edilməyib və şərikli biznes istiqamətində real addımlar atılmayıb. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxs əvvəldən S.S.-in etibarından istifadə edərək onun pulunu ələ keçirməyi planlaşdırıb və biznes adı altında aldığı 17 000 manatı şəxsi məqsədləri üçün istifadə edib. Nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan dəydiyi bildirilir. Geri qayıt |