Əsas Səhifə > Güney Press > Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs:
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs:Bu gün, 11:21 |
|
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Mayılovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, hadisə 2025-ci ildə axşam saatlarında Qusar rayonunun Hil kəndində yerləşən bağ sahəsində baş verib. Belə ki, Mahir Mayılov həmkəndlisi, zərərçəkmiş Kərəm Nağızadə (adı, soyadı şərtidir) ilə birlikdə spirtli içki qəbul etdiyi zaman mərhum qardaşı barədə söhbət açılıb. Təqsirləndirilən şəxs həmin söhbətə etirazını bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş Mahir Mayılova nalayiq ifadələrlə təhqir edib. Bundan hiddətlənən təqsirləndirilən şəxs Kərəmə ardıcıl olaraq yumruq, təpik və dəmir boru ilə çoxsaylı zərbələr endirib. Zərərçəkmiş aldığı zərbələr nəticəsində sol tərəfli hemopnevmotoraks, sol ağciyərin əzilməsi və kollapsı, IV-IX qabırğaların çoxsaylı sınıqları, dərialtı emfizema, geniş hematoma, müxtəlif sıyrıq və qançırlar alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib. Məhkəmədə ifadə verən Mahir Mayılov özünü qismən təqsirli bildiyini deyib. Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Rusiyadan qayıdıb və özünə məxsus bağ sahəsində dağılmış hasarları təmir etmək üçün ora gedib. Yolda olarkən həmkəndlisi Kərəmlə rastlaşdığını bildirən təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş özünü narahat hiss etdiyini, əvvəlki gün həddindən artıq spirtli içki qəbul etdiyini və başının ağrıdığını söyləyib. Mahir Mayılov bildirib ki, Kərəm əvvəlcə marketə aparılmasını xahiş etsə də, sonradan onunla birlikdə bağ sahəsinə gedib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, bağda birlikdə araq içiblər, söhbət zamanı müxtəlif mövzular müzakirə olunub. Hətta qonşuları da bir müddət onların yanına gəlib, birlikdə içki içdikdən sonra oranı tərk edib. Onun sözlərinə görə, bundan sonra Kərəm nalayiq ifadələr işlədərək onu təhqir edib və hətta ilk fiziki zərbəni də özü endirib: "Mübahisə zamanı ikimiz də yerdə olan kubik daşların üstünə yıxıldıq. Mən dəfələrlə ona dedim ki, sən içkilisən, çıx get, mən işimi görüm. Amma getmədi. Dedi ki, “məni necə gətirmisənsə, elə də aparmalısan”". Mahir əlavə edib ki, bir müddət zərərçəkmişdən uzaqlaşıb, onun gedəcəyini düşünüb. Lakin kənardan baxanda Kərəmin hələ də spirtli içki qəbul etdiyini görüb. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş bir müddət sonra oranı tərk edib, özü isə avtomobildə yatıb: "Sonra nə baş verdiyini tam xatırlamıram”. Geri qayıt |