Əsas Səhifə > Güney Press > 300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı

300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı


Bu gün, 16:02

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Raul Babayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, hadisə 2026-cı ilin səhər saat 05 radələrində Samux rayonunun Əhmədbəyli kəndində qeydə alınıb.


Belə ki, Raul Babayev yaşadığı evdə anası Elnarə Babayeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb onun həmkəndlisi və dostu olan bir şəxsdən 300 manat borc almaq istəməsi olub.


İş materiallarında göstərilir ki, təqsirləndirilən şəxs bu barədə anasına məlumat verib. Elnarə Babayevanın etirazı və tərəflər arasında yaranan fikir ayrılığı nəticəsində ailə-məişət zəminində sözlü mübahisə başlayıb.


İlkin olaraq evin mətbəxində başlayan mübahisə daha sonra həyətə çıxaraq davam edib. İstintaqın müəyyən etdiyi hallara görə, Raul mübahisədən əvvəl mətbəxdən bıçağı götürüb və sonra doğma anasına ardıcıl zərbələr endirib. Zərbələr nəticəsində zərərçəkmiş qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsilmiş-deşilmiş yaralar yetirilib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qadının sol budunun yuxarı hissəsində çoxsaylı kəsilmiş-deşilmiş yaralar, döş qəfəsinin və qarın nahiyəsinin arxa səthində çoxsaylı bıçaq xəsarətləri, eləcə də sol tərəfli retroperitoneal hematoma aşkar olunub. Bu xəsarətlərin hər biri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.


Bununla yanaşı, Elnarə Babayevanın qarın nahiyəsinə vurulan bir bıçaq zərbəsi daxilə nüfuz edərək dalağın cırılmasına (laserasiyasına), III dərəcəli travmatik hemorragik şoka səbəb olub. Ekspertiza həmin xəsarətin yetirildiyi anda insan həyatı üçün real təhlükə yaratdığını müəyyən edib və bunu sağlamlığa qəsdən ağır zərər vurma kimi qiymətləndirib.


Beləliklə, istintaq orqanı təqsirləndirilən şəxsin doğma anasına qəsdən ağır bədən xəsarəti yetirdiyi qənaətinə gəlib.


İş üzrə araşdırmalar məhkəmədə davam etdirilib və hadisənin bütün halları, tərəflərin ifadələri, ekspertiza rəyləri və digər sübutlar əsasında hüquqi qiymət verilib.


Geri qayıt