Əsas Səhifə > Güney Press > ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir?
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir?Bu gün, 15:51 |
|
ABŞ ilə İran arasında davam edən gərginlik Yaxın Şərqdə təhlükəsizlik mühitinə təsir göstərməklə yanaşı, qlobal enerji bazarlarında da ciddi dalğalanmalara səbəb olur. Xüsusilə Fars körfəzi və Hörmüz boğazı ətrafında yaşanan hərbi-siyasi qarşıdurmalar neft və təbii qazın dünya bazarlarına çatdırılması ilə bağlı riskləri artırır, enerji qiymətlərində qeyri-sabitlik yaradır. Vaşinqton-Tehran münasibətlərinin gələcək inkişafı təkcə Yaxın Şərqin deyil, Avropa və Asiyanın enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və qlobal geosiyasi balans üçün də həlledici əhəmiyyət daşıyır. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti belə şəraitdə hansı üstünlüklər yaradır? Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında davam edən müharibə qlobal enerji bazarına da çox ciddi təsir göstərir. O qeyd edib ki, xüsusilə dünya neft daşımalarının təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazının bağlı saxlanılması nəticə etibarilə enerji bazarında ciddi qıtlıq yaradır: “Bu isə qiymətlərin kəskin artımını şərtləndirir. Hadisələrin gedişatı onu göstərir ki, müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnoz vermək də çox çətindir. Çünki 1979-cu ildən bəri, yəni 47 il ərzində ABŞ və İran arasında formalaşmış düşmənçilik münasibətlərini bir neçə ay ərzində həll etmək mümkünsüz görünür. Böyük ümidlər var idi ki, iyunun 18-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianın imzaladığı sənəd və ondan sonrakı 60 günlük danışıqlar prosesi nəticə etibarilə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Beləliklə, regionumuzda ən dəhşətli müharibə ssenarilərindən birinin qarşısı alınmış olardı. Təəssüf ki, reallıq başqa mənzərə ortaya qoyur. İyulun 8-dən etibarən ABŞ İrana zərbələri bərpa edib. Rəsmi Vaşinqton bunu İranın Hörmüz boğazı ilə bağlı davranışları və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə əsaslandırır”. Onun sözlərinə görə, şübhəsiz ki, bu dinamika davam edərsə, dünya enerji bazarında neft və qazın qiymətlərində yeni sıçrayışların baş verməsi istisna deyil: “Bu tendensiya artıq müşahidə olunur. Bu da nəticə etibarilə dünya miqyasında bahalaşmaya səbəb olur. Eyni zamanda, Rusiya–Ukrayna müharibəsi də enerji bazarına çox ciddi təsir göstərir. Hətta Rusiya kimi nəhəng enerji ölkəsi artıq benzin böhranı ilə üz-üzə qalıb.Bütün bu məlum reallıqlar fonunda Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasət müdrik və uzaqgörən siyasətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti çoxşaxəlidir və Azərbaycan enerji ixracını bir neçə istiqamət üzrə həyata keçirir. Avropa bazarı bizim üçün çox mühüm bazardır. Əgər 2022-ci ildə Avropaya 8 milyard kubmetr qaz nəql edirdiksə, hazırda bu göstərici təxminən 14 milyard kubmetri ötüb. Eyni zamanda, Azərbaycan 2027-ci ilədək Avropa bazarına 20 milyard kubmetr qaz çatdırmaq öhdəliyini üzərinə götürüb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, onların 14-ü Avropa ölkəsidir. Son olaraq Almaniya və Avstriya da bu prosesə qoşulub. Gələcəkdə yeni ölkələrin də bu prosesə cəlb olunması istisna deyil. Hətta Azərbaycan qazı bu gün Suriyaya qədər çatdırılıb”. Deputat vurğulayıb ki, Azərbaycanın kifayət qədər enerji potensialı var: “Biz şaxələndirilmiş enerji siyasəti həyata keçiririk ki, hər hansı bir bazardan asılı vəziyyətə düşməyək və dünyada baş verən enerji kataklizmləri Azərbaycanın enerji siyasətinə ciddi təsir göstərməsin. Bu, uğurlu və düşünülmüş siyasətdir. Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda da məhz bu istiqamətdə ünvanlanan sualları cavablandırarkən vurğuladı ki, Azərbaycan enerji təhlükəsizliyini milli təhlükəsizliyinin ən mühüm elementlərindən biri kimi qiymətləndirir. Ölkəmiz tərəfdaşları ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri qurur və bu modeldə uduzan tərəf yoxdur. Həm Azərbaycan istehsalçı ölkə kimi qazanır, həm tranzit ölkələr, həm də alıcı dövlətlər bu əməkdaşlıqdan fayda əldə edirlər. Bu isə düşünülmüş, balanslı və müdrik enerji siyasətinin nəticəsidir”. Geri qayıt |