Əsas Səhifə > Güney Press > Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA...

Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA...


Bu gün, 07:36

1964-cü ildə İspaniya finalda SSRİ-ni 2-1 məğlub edib Avropa çempionu olur. Bundan sonra komanda düz 44 il boyunca nə Avropa, nə də Dünya Çempionatında uğur qazana bilmir. Çünki İspaniya yığmasında Real Madrid və Barselona oyunçuları bir-birinə nifrət bəsləyirdilər.
Komandanın oyunu texnika və estetikadan uzaq idi. Üstünlük fiziki gücə, aqressiyaya və döyüşkənliyə verilirdi. Ona görə İspaniyanın ləqəbi “Furia Roja" (Qırmızı Qəzəb) idi. 1996–cı ilin Avropa Çempionatında oteldə Madrid və Barselona qruplaşması arasında şam yeməyində mübahisə başlanır. Paltardəyişmə otağında isə futbolçular bir-birilərini yumruqlayırlar. Davam edən bu psixoloji gərginlik İspaniyanı 2002 və 2006-cı il Dünya Çempionatlarında daxildən tamamilə çökdürdü.
2008-ci ildə İspaniyanın baş məşqçisi Luis Araqones (ləqəbi Müdrik) təyin edilir. Araqones Raul Qonsalesi komandadan kənarlaşdırır. Buna görə ispan mediası onu “vətən xaini” adlandırır. Raulun gedişi ilə "Real" qruplaşmasının gücü qırılır. Paltardəyişmə otağındakı gərginlik azalır. Sistemdə “Furia Roja"dan "Tiki-Taka"ya keçid olur. Araqones komandanın kapitanlıq sarğısını "Real"ın qapıçısı İker Kasilyasa verir, onun köməkçisini isə "Barselona"nın müdafiəçisi Karles Puyolu təyin edir. Araqones Kasilyas və Puyolu tez-tez bir araya gətirərək onlardan komandanı birləşdirməyi tələb edirdi. Nəticədə 2008-ci ildə İspaniya Avropa çempionu olur.
Araqonesdən sonra baş məşqçiliyə Visente del Boske (ləqəbi Ata) gətirilir. O, qruplaşmaları tamamilə ortadan qaldırır. “Tiki-Taka”nı mükəmməl səviyyəyə çatdırır. Sonda İspaniya finalda Hollandiyaya qalib gəlir. İlk dəfə Dünya Çempionluğunu qazanır.
İspaniya 2010-cu ildə Dünya Çempionu olduqdan dərhal sonra, Xose Mourinyo "Real Madrid"in başına keçir. Onun gəlişi ilə iki klub arasındakı nifrət görünməmiş həddə çatır. 2011-ci ildəki El Klasiko oyunlarında kütləvi davalar düşür. Visente del Boske deyirdi ki, futbolçular yığmanın ilk məşqinə gələndə bir-birlərini "öldürməyə hazır idilər".
Məhz 2011-ci ildəki o kütləvi davalardan sonra İker Kasilyas (Real) və Xavi (Barselona) başa düşdülər ki, əgər bu nifrət davam edərsə, İspaniya millisi Avro-2012-də rüsvay olacaq. Kasilyas Mourinyonun qadağasına baxmayaraq Xaviyə zəng edir. Hər iki kapitan komandanı gizli bir toplantıya çağırır və futbolçulara "Klubda bir-birinizə nifrət edin, amma bura İspaniyadır, burada düşmənçilik bitməlidir” ultimatumunu verirlər. Yalnız bu addımdan sonra komandalar arasında barışıq yaranır. İspaniya 2012-ci ildə ardıcıl ikinci dəfə Avropa çempionu olur.
Müəllif: Nəcəf Əsgərzadə - Mənbə: "DİA-AZ"

Geri qayıt