Əsas Səhifə > Güney Press > Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb

Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb


Bu gün, 17:04

Rusiya-Ukrayna müharibəsində iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Murov Həsən oğlu Mirhəşimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın xəbərinə görə, o, Ukrayna Respublikası ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2023-cü ilin fevralında Ukraynanın Ternopil şəhərinə gedib.
Bundan sonra Xarkov şəhərinin Kupensk adlanan ərazisində, eləcə də Xerson şəhərində taktiki döyüş təlimlərində və döyüş postlarının mühafizəsində xidmət etməklə həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində 2023-cü ilin mart ayından 2024-cü ilin oktyabr ayınadək iştirak edib.
Murov Mirhəşimli həmin cinayət əməlinə görə xarici dövlətdə məhkum olunmayıb.
İstintaq tərəfindən Murov Mirhəşimlinin barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə ittiham elan olunub. O, ifadəsində göstərib ki, 2022-ci ilin fevral ayında 7 ay Ukraynanın Xerson şəhərində ailəsi ilə yaşayıb: "Səfərbərlik zamanı 60 yaşınadək olan kişiləri, məni də hərbi xidmətə cəlb etmək üçün apardılar. Mənim sənədlərim yararsız olduğu üçün qarşıma seçim qoyaraq təzyiqlər etdilər, ya cinayət işi açılacağını, ya da müharibəyə gedəcəyimi təklif etdilər. Bu çətin vəziyyətdə məcbur olaraq orada qaldım və müharibədə iştirak etməyi seçdim, kağızda olan siyahıya imza atdım. Lakin həmin kağızın müqavilə olduğunu bilməmişəm. Bir müddət sonra raket zərbəsi nəticəsində yaralandım. Mənə 5-6 ay yenə müharibədə iştiraka davam etməyimi, bundan sonra ölkəmizə qayıda biləcəyimi dedilər. Bundan sonra 1 ay müharibədə arxa cəbhədə iştirak etdim və ayağım yandığı üçün xəsarət aldım”.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, sənədlərini ailə mübahisəsi zəminində cırıb: "Məni müharibədə iştirak etməyə məcbur edənlərin adını və vəzifəsini bilməmişəm. Çünki onlar maskalı olublar. Mənə avtomatlardan "AK 74” və dron uçuş aparatı əleyhinə silah təhkim olunub. Lakin ön cəbhədə olmadığım üçün silahdan istifadə etməmişəm. Yalnız dron uçuş aparatı əleyhinə olan silahdan istifadə etmişəm”.
O deyib ki, onun müharibədə iştirakı üçün aylıq 300-400 ABŞ dolları ödəyiblər: "Birinci dəfə yaralananda məni ordudan buraxmadılar. Həmin vaxtı ailəm Rusiyanın nəzarət etdiyi ərazidə qalmışdı. Azərbaycana geri döndükdən sonra Ukraynaya getməyə cəhd eləsəm də, məni Ukraynaya buraxmadılar. Bu səbəbdən yenidən Azərbaycana qayıtdım. Ukrayna Respublikasının vətəndaşlığını almamışam. Ancaq orda yaşamağım üçün icazə sənədim olub”.
Təqsirləndirilən şəxs əlavə edib ki, Ukrayna ordusunun vəzifəli şəxsləri onun fəaliyyətini bəyəniblər və ona hərbi bilet veriblər: "Ukraynada video çəkməkdə məqsədim müharibənin necə çətin olmasını nümayiş etdirmək, əgər müharibədə ölərəmsə, məni tanımaları olub”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Murov Mirhəşimli 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Geri qayıt